Estoniyanın "Eesti päevaleht" portalında Səfir Murad Nəcəfbəylinin “Azərbaycan Səfirinin mövqeyi: Ermənistanın Azərbaycana qarşı təcavüzü” adlı məqaləsi dərc edilmişdir
2020-ci ilin 27 sentyabr tarixində Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejiminin kobud şəkildə pozulması və təmas xətti boyunca Azərbaycan Respublikasının mövqelərinin atəşə tutulması ilə əlaqədar, Estoniyanın "Eesti päevaleht" portalında Azərbaycan Respublikasının Estoniyadakı Səfiri Murad Nəcəfbəylinin “Azərbaycan Səfirinin mövqeyi: Ermənistanın Azərbaycana qarşı təcavüzü” adlı məqaləsi dərc edilmişdir.
Məqalədə, cari ilin 27 sentyabr tarixində Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozduğu, təmas xətti boyunca Azərbaycan Respublikasının mövqelərini, Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çiraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı, Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından atəşə tutduğu, Azərbaycana qarşı növbəti təcavüzə əl atdığı barədə bildirilmişdir.
Qeyd edilmişdir ki, Ermənistanın sözügedən təcavüzü nəticəsində mülki əhali və Azərbaycan Respublikasının silahlı qüvvələrinin hərbçiləri həlak olmuşdur. Bir çox evlərə və digər mülki infrastruktura güclü zərbə dəymişdir.
Səfir diqqətə çatdırmışdır ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələri Ermənistanın növbəti hərbi təcavüzünün qarşısını almaq və təmas xətti boyunca sıx şəkildə yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə özünü müdafiə hüququ çərçivəsində və beynəlxalq humanitar hüquqa tam riayət etməklə əks-hücum və cavab tədbirlərini həyata keçirirlər.
Məqalədə xüsusilə vurğulanmışdır ki, Azərbaycan Silahlı Qüvvələri tərəfindən əks-hücum tədbirləri Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həyata keçirilir.
M.Nəcəfbəyli bildirmişdir ki, Ermənistan tərəfinin Azərbaycana qarşı növbəti təcavüzü beynəlxalq hüququn fundamental norma və prinsiplərinin, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 822, 853, 874 və 884 saylı qətnamələrinin, beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə Konvensiyaları və onların əlavə protokollarının kobud şəkildə pozulmasıdır.
Məqalədə qeyd olunmuşdur ki, Ermənistanın Azərbaycana qarşı təcavüz aktı son aylar ərzində Ermənistan tərəfinin təxribatları, o cümlədən 12-16 iyul Tovuz istiqamətində hücumu, 23 avqust Goranboy istiqamətində diversiya-kəşfiyyat təxribatı, Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni məskunlaşdırma siyasətinin aparılması, eləcə də Ermənistan rəhbərliyinin təhrikçi bəyanatları və fəaliyyətinin davamıdır.
Səfir diqqətə çatdırmışdır ki, Ermənistan belə addımları ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu həll edilməsi prosesini sarsıtmışdır. Hazırkı vəziyyətə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Vurğulanmışdır ki, Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərinə tamamilə məhəl qoymadığı, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü sarsıtdığı, mülki əhalini və mülki infrastrukturu bilərəkdən atəşə tutmaqla beynəlxalq humanitar hüququ kobud şəkildə pozduğu bir vəziyyətdə beynəlxalq ictimaiyyət, prinsipial mövqe nümayiş etdirməli və suverenliyin və ərazi bütövlüyünün müdafiəsi və mülki əhalinin qorunması uğrunda Azərbaycanın mübarizəsində onunla həmrəyliyini ifadə etməlidir.
M.Nəcəfbəyli qeyd etmişdir ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və ətraf bölgələrində qeyri-qanuni mövcudluğunun regionda sülh və sabitliyə ciddi təhlükə olduğuna yaxşı bələd olan və Ermənistanın Azərbaycana qarşı təcavüzü və işğalçı fəaliyyətinə beynəlxalq hüququn norma və prinsiplərindən irəli gələrək prinsipial mövqe nümayiş etdirən beynəlxalq ictimaiyyət, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini və təxribatçı əməllərini kəskin şəkildə qınamalı və Ermənistanı beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquq öhdəliklərinə əməl etməyə məcbur etməlidir.