Azərbaycanın Vergilər Naziri Fazil Məmmədov Estoniyanın Vergi və Gömrük Departamentinin baş direktoru Marek Helmi qəbul edib
Noyabrın 22-də vergilər naziri, 1-ci dərəcəli dövlət vergi xidməti müşaviri Fazil Məmmədov Estoniya Respublikasının Maliyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən Vergi və Gömrük Departamentinin baş direktoru Marek Helmi qəbul edib.
Nazir ölkə başçısı cənab İlham Əliyev tərəfindən qeyri-neft sektorunun davamlı inkişafı istiqamətində görülən işlər, Azərbaycanın büdcə-vergi siyasəti və vergi sistemində aparılan islahatlar barədə qonağa ətraflı məlumat verib. Bildirilib ki, son 10 ildə vergi sistemi əsaslı şəkildə modernləşdirilib, vergi inzibatçılığı beynəlxalq təcrübə nəzərə alınmaqla təkmilləşdirilib, vergi orqanları ilə vergi ödəyiciləri arasında texnoloji baxımdan mükəmməl elektron əlaqələrin yaradılması, geniş təhlil bazasına malik informasiya sistemlərinin qurulması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib.
Milli vergi sisteminin təkmilləşdirilməsi prosesinin davamlı olduğunu vurğulayan nazir Azərbaycan Respublikasının Prezidentinin imzaladığı “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında” 4 avqust 2016-cı il tarixli Sərəncamı barədə də qonağa məlumat verib. Qeyd edilib ki, islahatların əsas məqsədi ölkədə biznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarlar üçün daha əlverişli şərtlərin yaradılması ilə onların hüquqlarının genişləndirilməsi, vergitutma bazasının təkmilləşdirilməsi və vergi nəzarətinin səmərəliliyinin artırılmasından ibarətdir.
Azərbaycanın vergi inzibatçılığında əldə olunmuş nailiyyətlərə toxunan F.Məmmədov bildirib ki, Dünya Bankının 2016-cı il üçün “Doing Business” hesabatına görə, ölkəmiz biznesin qeydiyyatı sahəsində ilk 5 dövlət sırasındadır, vergilərin ödənilməsi meyarına görə isə 40-cı yerdədir. 2013-cü ildən ölkədə «Asan imza» layihəsinin tətbiqinə başlanılması və təhlükəsizlik sisteminin yaradılması istifadəçilərə mobil telefonlar vasitəsi ilə rəqəmsal uyğunluğun müəyyənləşdirilməsinə imkan yaradıb. Estoniya mütəxəssisləri ilə birgə həyata keçirilən «Asan imza» layihəsi isə «Mobil hökumət»in qurulması və yeni nəsil elektron xidmətlərin tətbiqində yeni mərhələ hesab edilir.
Azərbaycan iqtisadiyyatında müşahidə olunan iqtisadi dayanıqlığı qeyd edən Estoniya Vergi və Gömrük Departamentinin baş direktoru Marek Helm hökumətin qeyri-neft sektorunun davamlı inkişafı və qeyri-neft gəlirlərinin artırılması sahəsində gördüyü işləri, həmçinin vergi sistemində aparılan islahatları yüksək qiymətləndirib. “Asan İmza” kimi müasir texnoloji alətin yaradılmasında təmsil etdiyi ölkə ilə Azərbaycanın birgə əməkdaşlıqdan böyük məmnunluq duyduğunu xüsusi qeyd edən Marek Helm 2017-2020-ci illər üçün Estoniyanın Vergi və Gömrük Departamentinin fəaliyyəti və inkişaf istiqamətləri barədə vergilər nazirinə məlumat verib.
Görüşdə Azərbaycanla Estoniya arasında münasibətlərin, o cümlədən iqtisadi sahədə əməkdaşlığın gələcəkdə daha da inkişaf etdiriləcəyinə əminlik ifadə olunub və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.