Azərbaycan Respublikasının Estoniya Respublikasındakı Səfirliyi tərəfindən Tallin şəhər Filarmoniyasında Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib.
Azərbaycan Respublikasının Estoniya Respublikasındakı Səfirliyi tərəfindən Tallin şəhər Filarmoniyasında Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib.
Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Səfir Anar Məhərrəmov tədbirdə açılış nitqi ilə çıxış edərək 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq Xocalı şəhərində yaşayan günahsız azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirdiyini, Xocalı soyqırımı zamanı ermənilərin barbar, vandalizm və kütləvi terror aktı nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın azərbaycanlı olduqları üçün ağlasığmaz vəhşilik və qəddarlıqla qətlə yetirildiyini, 487 mülki şəxsin ağır yaralandığını və 1275 nəfərin girov götürüldüyünü bildirib. Xocalı soyqırımının Azərbaycan tarixinin ən faciəli və dəhşətli səhifələrindən biri olaraq azərbaycanlılara qarşı yönəlmiş və həyata keçirilmiş dəhşətli cinayət olduğunu qeyd edib.
Davam olaraq, çıxış edən Estoniya-Azərbaycan Parlamentlərarası dostluq qrupunun sədri Sven Sester, Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı Dostluq Qrupu tərəfindən qəbul edilən müvafiq Bəyanatda 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş Xocalının işğalı zamanı 600-dən çox dinc sakinin, o cümlədən çoxlu sayda qadın, uşaq və qocanın amansızcasına öldürüldüyü qətiyyətlə pislənərək, bu kütləvi qətliamı törədən cinayətkarların tezliklə məsuliyyətə cəlb olunmalarının vacibliyinin qeyd olunduğunu diqqətə çatdırıb.
Daha sonra Xocalı soyqırımına həsr olunmuş “Sonsuz Dəhliz” filminin canlı iştirakçısı - litvalı hərbi jurnalist Ricard Lapaitis, film barəsində ətraflı məlumat verərək öz dəhşətli xatirlələri ilə bölüşmüşdür.
Tədbir iştirakçıları “Sonsuz Dəhliz” filmini seyr etdikdən sonra, Estoniyada yaşayan və fəaliyyət göstərən rəssam Rövşən Quliyevin Xocalı soyqırımının dəhşətlərini özündə əks etdirən əsərlərindən ibarət sərgi ilə tanış olublar.
Tədbirdə Türkiyə, Qazaxıstan, Moldova, Şimali Makedoniyanın Estoniyadakı səfirləri, Moldova, Rumıniya və Macarıstan səfirliklərinin müşavirləri, Estoniyadakı Azərbaycan icmasının nümayəndələri, Estoniya ictimaiyyətinin və kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak ediblər.
https://azertag.az/xeber/Xocali_faciesi_qurbanlarinin_xatiresi_Estoniyada_da_anilib-2503748