Azərbaycanın Estoniyadakı Səfirliyi tərəfindən 27 sentyabr–Anım Gününə həsr olunmuş tədbir keçirilib
Tədbirdə Türkiyənin Estoniyadakı fövqəladə və səlahiyyətli səfiri xanım Başak Türkoğlu, səfirliyin əməkdaşları, Estoniyadakı Azərbaycan icmasının nümayəndələri, Estoniya ictimaiyyətinin təmsilçiləri iştirak ediblər.
Tədbirin əvvəlində şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycanın Estoniyadakı səfiri Anar Məhərrəmov tədbirdə çıxış edərək 27 sentyabr 2020-ci il səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar və müxtəlif artilleriya qurğularından intensiv atəşə tutduğunu, ölkəmizə qarşı növbəti hərbi təcavüzə əl atdığını bildirib.
44 gün davam edən Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun əzəli Azərbaycan torpaqlarını erməni işğalçılarından azad edərək tarixi Qələbəyə imza atdığı xüsusi ilə vurğulanıb.
Cari ilin sentyabr ayının 12-dən 13-nə keçən gecə baş vermiş erməni təxribatı nəticəsində qəhrəmancasına şəhid olan igid Azərbaycan oğullarının qanlarının yerdə qalmadığı, görülmüş əks-hücum tədbirləri nəticəsində düşmənə layiqli cavabın verildiyi qeyd olunmuşdur.
Vətən müharibəsinin ilk anlarından qardaş Türkiyənin mənəvi dəstəyin göstərdiyi, bu münasibətlərin tarixi köklərə əsaslandığı qeyd edilib.
Türkiyənin Estoniyadakı fövqəladə və səlahiyyətli səfiri xanım Başak Türkoğlu çıxışında Azərbaycanın öz torpaqlarını erməni işğalından azad etməsinin əhəmiyyətinə toxunaraq, Qarabağ savaşında şəhidlik zirvəsinə ucalmış qəhrəman Azərbaycan oğullarına Allahdan rəhmət diləmişdir. Səfir bildirib ki, Türkiyə dövləti və xalqı qardaş Azərbaycanın öz ərazilərini azad etməsinə ürəkdən sevinir. O, həmçinin işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı dağıntıların törədildiyini, onların Azərbaycan tərəfindən tezliklə bərpa ediləcəyinə inandığını qeyd edib. Eyni zamanda, diplomat Türkiyənin daim qardaş Azərbaycanın yanında olacağını vurğulayıb.
Tədbirdə ehsan süfrəsi açılmış, Vətən uğrunda canlarından keçmiş qəhrəman Azərbaycan oğullarının ruhuna dualar oxunmuşdur.