2021-12-10

Ulu öndər Heydər Əliyevin xatirəsi Estoniyada ehtiramla anılıb

Ulu öndər Heydər Əliyevin xatirəsi Estoniyada ehtiramla anılıb

Azərbaycanın Estoniyadakı səfirliyində ümummilli lider Heydər Əliyevin vəfatının 18-ci ildönümünə həsr olunan anım mərasimi keçirilib.

Səfirlikdən AZƏRTAC-a bildirilib ki, tədbirdə Türkiyənin, Qazaxıstanın, Gürcüstanın, Moldavanın və Belarusun Estoniyadakı səfirləri, Estoniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədr müavini Mihail Korb, Türkiyənin və Moldovanın bu ölkədəki səfirliklərinin əməkdaşları, Estoniyadakı Azərbaycan icmasının nümayəndələri, Estoniya ictimaiyyətinin və kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak ediblər.

Əvvəlcə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və səfirlikdə ucaldılmış barelyefin önünə əklil qoyulub.

Azərbaycanın Estoniyadakı səfiri Anar Məhərrəmov tədbiri açaraq ümummilli lider Heydər Əliyevin şərəfli ömür yolundan, xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdaraq müasir Azərbaycan dövlətinin memarı və qurucusu kimi Vətən qarşısında misilsiz xidmətlərindən danışıb.

Səfir Ulu Öndərin bir rəhbər kimi bütün müsbət keyfiyyətləri özündə cəmləşdirən nadir şəxsiyyət olduğunu, bütün ömrünü xalqın və vətənin rifahı və inkişafına həsr etdiyini, məhz xalqın dəstəyinə arxalanaraq Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etdiyini diqqətə çatdırıb.

Ümummilli Liderin rəhbərlik etdiyi illərdə uğurla həyata keçirdiyi daxili və xarici siyasəti nəticəsində ölkəmizin nüfuzunun daha da artdığını, müstəqilliyimizin əbədi və dönməz olmasında Ulu Öndərin müstəsna xidmətlərini qeyd edən səfir Anar Məhərrəmov vətənimizin ən çətin vəziyyətində və faciə qarşısında olduğu bir zamanda Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qorunmasında, uzaqgörənliyi və müdrik siyasəti sayəsində ölkəmizin dayanıqlı inkişafının təmin olunduğunu vurğulayıb.

Səfir bildirilib ki, Ulu Öndərin qətiyyətli mövqeyi nəticəsində banisi olduğu neft strategiyasının tərkib elementləri olaraq “Əsrin müqaviləsi” sazişi imzalanıb, eləcə də Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri kimi irimiqyaslı regional layihələr həyata keçirilib.

Məhz Heydər Əliyevin rəhbərliyi dövründə region ölkələri ilə sıx əməkdaşlıq əlaqələri qurulduğu, bir sıra ölkələrlə münasibətlər strateji səviyyəyə çatdırıldığı xüsusi olaraq vurğulanıb. Azərbaycan-Türkiyə münasibətlərinə daima xüsusi önəm verən Heydər Əliyev onları “Bir millət, iki dövlət” kimi səciyyələndirdiyi diqqətə çatdırılıb. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan siyasətin bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun gündən-günə artdığı və regional liderə çevrildiyi qeyd olunub.

Türkiyənin Estoniyadakı səfiri Süleyman İnan Özyıldız Azərbaycanda davamlı sosial-iqtisadi inkişafın və siyasi sabitliyin təmin olunmasında, ölkəmizin mühüm regional aktora çevrilməsində, o cümlədən Azərbaycana xarici sərmayələrin cəlb olunmasında və Tarixi İpək Yolunun bərpasında Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışıb.

Estoniya parlamentində Estoniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədr müavini Mihail Korb Heydər Əliyevin dahi şəxsiyyət olduğunu, Azərbaycanın və regionun gələcək inkişafındakı mühüm rolunu, eləcə də Azərbaycanda səfərdə olduğu zaman Azərbaycan xalqının Heydər Əliyevə bəslədiyi böyük rəğbətin və dərin hörmətin şəxsən şahidi olduğunu vurğulayıb.

Tədbirin davamı olaraq, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş video-çarx nümayiş olunub. Sonra, tanınmış eston skripka ifaçısı xanım Mari-Lis Uibo tərəfindən lirik musiqi parçaları ifa edilib. Daha sonra, tədbir iştirakçıları səfirlikdə ulu öndərin həyat və fəaliyyətinə həsr edilmiş foto və kitab sərgisinə baxıblar.

Sonda tədbir iştirakçıları səfirlikdə açılmış ehsan süfrəsinə dəvət olunub.

https://azertag.az/xeber/Ulu_onder_Heyder_Aliyevin_xatiresi_Estoniyada_da_ehtiramla_anilib-1947644?fbclid=IwAR2JRVG8Omd3pfhIp2G6q0u_tVVJZdv073F3IHwNGWDfkgzs9csgosjv0lc

Arxiv üzrə axtarış