2020-12-10

Azərbaycan və Estoniya Parlamentlərinin parlamentlərarası əlaqələr üzrə deputat qruplarının görüşü baş tutmuşdur

2020-ci ilin 09 dekabr tarixində Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan-Estoniya parlamentlərarası əlaqələr üzrə İşçi Qrupu ilə Estoniya Parlamentinin Azərbaycan ilə parlamentlərarası əlaqələr üzrə deputat Qrupu arasında videokonfrans vasitəsilə görüş keçirilmişdir.

Görüşdə, Azərbaycan-Estoniya arasında ikitərəfli əlaqələrin hazırki vəziyyəti, münasibətlərdə müşahidə olunan dinamika, iki ölkənin parlamentləri arasında əməkdaşlığın daha da genişləndirilməsi imkanları və perspektivləri ətrafında fikir mübadiləsi aparılmışdır. Həmçinin tərəflər, beynəlxalq təhlükəsizlik məsələlərini, o cümlədən Azərbaycan Silahlı Qüvvələrinin son əks-hücum əməliyyatını müzakirə etmişlər.

Estoniya tərəfi, münaqişələrin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq həll edilməsinin tərəfdarı olduğunu, regionun bütün dövlətlərinin suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını dəstəklədiyini vurğulamışdır.

Tərəflər, ikitərəfli münasibətlərin inkişafında parlament diplomatiyasının mühüm rolunu qeyd edərək, Azərbaycan və Estoniya parlamentlərinin parlamentlərarası əlaqələr üzrə deputat qrupları arasında daha sıx əməkdaşlığa nail olmaq üçün “2021-ci il üçün əməkdaşlıq üzrə Yol Xəritəsi”ni müzakirə etmişlər.

Həmçinin deputatlar, Azərbaycan və Estoniya parlamentlərinin parlamentlərarası əlaqələr üzrə deputat qrupları arasında görüşlərin davam etdirilməsi baxımından, COVİD-19 pandemiyası dövründə müasir rabitə texnologiyalarından istifadənin əhəmiyyətini vurğulamışlar.

 

Arxiv üzrə axtarış