2020-11-28

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin məlumatı

Bu ilin 27-28 noyabr tarixlərində Niger Respublikasının paytaxtı Niamey şəhərində İslam Əməkdaşlığı Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 47-ci iclası keçirilib.

İƏT Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü ilə bağlı siyasi, iqtisadi və mədəni məsələləri əhatə edən qətnamələr qəbul edilib. Qeyd etmək istərdik ki, İƏT tərəfindən ənənəvi olaraq hər il qəbul olunan bu qətnamələrə bölgədəki son vəziyyət nəzərə alınmaqla yeni müddəalar daxil edilib.

“Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü” adlı qətnamədə bu ilin 27 sentyabr tarixində Ermənistanın Azərbaycana qarşı yeni təcavüzü, təcavüz çərçivəsində mülki şəxslərə və mülki infrastruktura böyük zərərin vurulması, o cümlədən Azərbaycanın cəbhə zonasından kənarda yerləşən Gəncə, Bərdə, Tərtər şəhərlərinin sıx yaşayış məskənlərinin ağır artilleriya, ballistik və kaset raketlərinin hücumuna məruz qalmasını qətiyyətlə pislənilib. Ermənistan qüvvələri tərəfindən Azərbaycan mülki əhalisinə qarşı törədilən aktlar müharibə cinayəti və insanlıq əleyhinə cinayət kimi qiymətləndirilib. Sənəddə Azərbaycanın cavab əməliyyatları nəticəsində işğal olunmuş ərazilərinin əhəmiyyətli hissəsini azad etməsi və hərbi əməliyyatların dayandırılması üzrə 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı üzv ölkələr tərəfindən alqışlanıb.

“Azərbaycan Respublikasına iqtisadi yardım” adlı qətnamədə Azərbaycan ərazilərinin işğaldan azad olunmasının Azərbaycan Respublikasının ərazisindəki bir milyondan çox məcburi köçkünlərin öz evlərinə təhlükəsiz və şərəfli qayıdışına və beləliklə də ciddi humanitar problemlərin aradan qaldırılmasına imkan verəcəyi qeyd olunur. Bu xüsusda üzv ölkələrə, İslam İnkişaf Bankı və digər İslam institutlarına işğaldan azad olunmuş torpaqlara məcburi köçkünlərin geri dönüşünü təmin etmək üçün bu ərazilərin yenidən qurulması və bərpasında Azərbaycan Hökumətinə və Xalqına yardım etməyə çağırış öz əksini tapır. Burada, habelə bütün beynəlxalq institutlar Azərbaycanın iqtisadi və sosial inkişaf fəaliyyətini dəstəkləməyə çağırılır.

“Ermənistan Respublikasının Azərbaycan Respublikasına təcavüzü nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərində İslam tarixi və mədəni ziyarətgahlarının dağıdılması və təhqir edilməsi” adlı qətnamədə Azərbaycanın işğal olunmuş ərazilərindəki İslam tarixi və mədəni abidələrinin, ziyarətgahlarının dağıdılması, talan edilməsi, oğurlanması, qanunsuz yerdəyişməsi və ya mənimsənilməsi, eləcə də bu obyektlərə qarşı vandallıq aktlarının törədilməsi qətiyyətlə pislənilir, yenicə azad olunmuş ərazilərdə yerləşən Məscidlərin Ermənistan tərəfindən təhqir olunması şiddətlə qınanılır. Qətnamədə Azərbaycanın ona dəymiş zərərə görə təzminat tələb etmək haqqı, Ermənistanın isə bu təzminatı ödəmək məsuliyyəti təsdiq olunur.

Qeyd etmək istərdik ki, qətnamələr İƏT-in 57 üzv ölkəsi tərəfindən qəbul edilib.

Arxiv üzrə axtarış