Ermənistanın Azərbaycana qarşı yeni hərbi təcavüzü: iki ölkə sərhədində təxribat
Cari ilin 12 iyul tarixində Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq, Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində Azərbaycanın sərhəd qoşunlarının mövqelərini və sərhədyanı kəndlərini artilleriya atəşinə tutmuşdur. Cavab atəşi ilə erməni qüvvələrinin hücumunun və yeni əraziləri ələ keçirmək cəhdinin qarşısı alınmışdır.
Bu dəfə ki döyüşlər, bütün dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən Azərbaycan ərazisi kimi qəbul edilən işğal olunmuş Dağlıq Qarabağda yox, Azərbaycan-Ermənistan dövlət sərhədində aparılır.
Qeyd edilməlidir ki, Qazax və Tovuz rayonları istiqamətində Azərbaycan-Ermənistan dövlət sərhədi boyunca Ermənistanla sərhəd hissəsinə nəzarətə Azərbaycanın silahlı qüvvələri deyil, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti cəlb olunmuşdur. Lakin, Ermənistan öz hərb yönümlü niyyətini gizlətməyərək və işğal siyasətini növbəti dəfə həyata keçirməyə cəhd etmək üçün Azərbaycan-Ermənistan dövlət sərhədində öz silahlı qüvvələrini yerləşdirmişdir.
Son hərbi toqquşma zamanı Azərbaycan ordusu 12 hərbi qulluqçusunu, o cümlədən bir general-mayorunu və polkovnikini itirmişdir.
Ermənistan tərəfi məqsədyönlü şəkildə bu ərazidəki kəndlərdə yaşayan Azərbaycanın dinc əhalisini atəşə tutur və bununla da beynəlxalq humanitar hüququ, o cümlədən Müharibə zamanı mülkü əhalinin qorunması haqqında 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyasını kobud şəkildə pozur. Həmçinin, Ermənistan silahlı qüvvələri tərəfindən 76 yaşlı mülkü şəxsin öldürülməsi faktı da qeyd edilməlidir. Eyni zamanda vurğulanmalıdır ki, Azərbaycan tərəfi cavab atəşi ilə düşmənin yalnız hərbi obyektlərini hədəfə alır.
Azərbaycan-Ermənistan sərhədində baş verənlər, adi sərhəd toqquşması deyil, qeyd olunan təxribat Ermənistan tərəfindən planlı şəkildə hazırlanmış və Azərbaycana qarşı aqressiv siyasətin davamıdır.
Ermənistanın bu təxribatı yaratmaqda məqsədi regionda yeni münaqişə ocağı yaratmaq, daha öncə işğal edilmiş ərazilərdən diqqəti yayındırmaq, danışıqlar prosesini pozmaq, Azərbaycan ərazilərini azad etməkdən imtina etməkdir. Eyni zamanda, bu təxribatla o, öz xalqının diqqətini daxili sosial-iqtisadi problemlərdən yayındırmağa cəhd edir və münaqişəyə üzv olduğu hərbi-siyasi təşkilatı cəlb etməyə çalışır.
Ermənistanın Azərbaycana qarşı hərbi əməliyyatının, Azərbaycan qazının Avropaya nəqlinin başlanılmasından 3 ay əvvəl baş tutması təsadüf deyil. Qeyd olunmalıdır ki, Azərbaycanın Tovuz rayonu iri regional layihələrin reallaşması nöqteyi nəzərindən strateji əhəmiyyət kəsb edir. Dövlət sərhədinin bu hissəsində strateji yüksəklikləri ələ keçirdiyi təqdirdə, Ermənistan Azərbaycan üçün həyati əhəmiyyət kəsb edən enerji və nəqliyyat infrastrukturuna təhdidlər yarada bilərdi. Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, Cənub Qaz Dəhlizi, Bakı-Supsa neft boru kəməri, Bakı-Tbilisi-Qars strateji dəmir yolu, Bakı-Tbilisi yol magistralı hərbi əməliyyatların bilavasitə yaxınlığındadır.
Ermənistanda, Azərbaycanın Mingəçevir Su Elektrik Stansiyasının raket atəşi ilə dağıtmaq və Kür düzənliyində yerləşən onlarla şəhər və kəndləri suda batırmaq təhdidləri vaxtaşırı səsləndirilir.
Həmçinin, Ermənistan Naxçıvana və Azərbaycanın digər ərazilərinə də iddialar irəli sürür. Gənc auditoriya qarşısında çıxış edən Ermənistan rəhbərliyi, uydurma “böyük Ermənistan”ın yaradılması üçün yeni torpaqlar ələ keçirmək məqsədilə gənclərin gələcək müharibələrdə iştirak etməli olduqlarını bəyan edir. Habelə, Ermənistanın digər qonşu ölkələrə açıq ərazi iddiaları mövcuddur.
Vurğulanmalıdır ki, Ermənistanın Azərbaycana qarşı 30 il davam edən təcavüzü və sərhəddə baş verən təxribatlar beynəlxalq hüquq normalara ziddir. BMT Nizamnaməsini və beynəlxalq hüququn prinsiplərini kobud pozaraq, Ermənistan Azərbaycana qarşı hərbi təcavüz törədib və bizim ərazilərimizin 20% - Azərbaycanın Dağlıq Qarabağ regionunu və ona bitişik 7 rayonunu işğal edib. Nəticədə, həmin ərazilərdə yaşayan bir milyondan çox azərbaycanlı etnik təmizləməyə məruz qalıb və öz evlərindən qovulub. BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri Ermənistanın silahlı birləşmələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş çoxsaylı sənədlər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinin zəruriliyini vurğulayır. Ermənistan Azərbaycana qarşı hərbi təcavüzə görə beynəlxalq-hüquqi məsuliyyət daşıyır.
Ermənistanın Azərbaycana qarşı yeni hərbi avantürası Azərbaycan xalqında eyni zamanda qəzəb hissləri və vətənpərvərlik coşğusu yaratmışdır. Minlərlə insanlar, Azərbaycan Ordusu və ölkənin Ali Baş Komandanı ilə həmrəyliyini ifadə etmək üçün Bakı və ölkənin digər rayonlarında kütləvi mitinqlərə çıxmışlar. Cəbhədə düşmənin layiqli cavabını vermək üçün on minlərlə gənc Azərbaycan Ordusunda könüllü kimi iştirak etmək niyyətini ifadə etmişdir. Bütün Azərbaycan cəmiyyəti dövlət və prezident ətrafında sıx birləşmiş və işğal olunmuş torpaqların azad edilməsi uğrunda müharibədə iştirak etməyə hazırdır.
Murad N. Nəcəfbəyli
Azərbaycan Respublikasının
Estoniya Respublikasındakı
Fövqəladə və Səlahiyyətli Səfiri
https://tribuna.ee/public/azerbaijan-armenia-konflikt/