2019-05-10

Azərbaycan Respublikasının Estoniya Respublikasındakı Səfirliyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar tədbir keçirilmişdir

10 may 2019-cu il tarixində Azərbaycan Respublikasının Estoniya Respublikasındakı Səfirliyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar tədbir keçirilmişdir.

Bu əlamətdar gündə Səfirliyimizdə ulu öndər Heydər Əliyevin barelyefinin təntənəli açılışı olmuşdur.

Tədbirdə Səfirliyin əməkdaşları, Azərbaycan diaspor və Estoniya ictimaiyyətinin nümayəndələri iştirak etmişdir.

Açılışda çıxış edən Azərbaycan Respublikasının Estoniya Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Murad Nəcəfbəyli müasir Azərbaycanın memarı və qurucusu, xalqımızın dahi oğlu Heydər Əliyevin həyatı və fəaliyyəti ilə bağlı məlumat vermişdir. Səfir bildirmişdir ki, Azərbaycanın bütün bölgələrində olduğu kimi Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, diplomatik nümayəndəlikləri, eləcə də diasporumuzun təmsilçiləri tərəfindən ümummilli lider Heydər Əliyevin doğum günü münasibətilə tədbirlər keçirilərək, görkəmli siyasi xadimin zəngin və çoxşaxəli fəaliyyəti, vətən və xalq qarşısındakı xidmətləri geniş təbliğ edilir.

Bununla yanaşı, ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə bağlı Estoniya Azərbaycan Mədəniyyət mərkəzi, “Ajdan” Həftə sonu məktəbinin uşaqları və müəllimləri Estoniyanın paytaxtı Tallin şəhərində yerləşən Azərbaycan Respublikasının və Estoniya Respublikasının 100 illiyi münasibətilə, iki xalq arasında tarixi əlaqələrin və Bakı şəhərinin Suraxanı və Tallin şəhərinin Kristiyne rayonları arasında dostluğun rəmzi olaraq salınmış parkın girişində qurulmuş, üzərində ümummilli lider Heydər Əliyevlə Estoniyanın sabiq Prezidenti Lennart Meri arasında 1995-ci ildə Nyu-York şəhərində keçirilmiş görüşün foto şəkili olan lövhənin önündə  güllər əkmişlər.

 

Arxiv üzrə axtarış