2018-07-23

Azərbaycan Respublikasının Estoniya Respublikasındakı Səfirliyinin mətbuat açıqlaması

23.07.2018

2018-ci il iyul ayının 11-də Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Kəlbəcər rayonunda öz doğma torpaqlarını və valideynlərinin məzarlarını ziyarət edən azərbaycanlı mülkü şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevin girov götürülməsinin, Həsən Həsənovun isə qətlə yetirilməsinin 4 ili tamam olmuşdur.

Azərbaycanın Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilmiş ərazilərində yaradılmış qanunsuz separatçı qurum tərəfindən uydurulmuş cinayət işi əsasında D.Əsgərov “ömürlük”, Ş.Quliyev isə “22 illik azadlıqdan məhrum edilmişdir”.

Məlum olduğu kimi, Ermənistan Azərbaycana qarşı müharibəyə başlamış və güc işlədərək onun ərazisinin beşdə birini, o cümlədən Dağlıq Qarabağ regionunu və onun ətrafındakı yeddi rayonu işğal etmiş, ələ keçirdiyi ərazilərdə yüz minlərlə azərbaycanlını evlərindən qovaraq etnik təmizləmə həyata keçirmiş və digər ağır cinayətlər törətmişdir. Beynəlxalq ictimaiyyət BMT Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələrində də əks olunduğu kimi Azərbaycana qarşı hərbi gücün istifadəsi və onun ərazilərinin işğalından təəssüfləndiyini davamlı olaraq və ciddi şəkildə bəyan etmiş və bu yolla yaradılmış vəziyyətin legitimliyini tanımaqdan imtina etmişdir.

Azərbaycan vətəndaşlarını həbs etmiş qanunsuz separatçı qurum Ermənistan tərəfindən “Dağlıq Qarabağ Respublikası” adlandırılır. Bu qurum beynəlxalq ictimaiyyət tərəfindən tanınmır və Ermənistanın göstərişi və nəzarəti altındadır.

D.Əsgərov və Ş.Quliyevin qanunsuz həbsdən əvvəlki və sonrakı görüntüləri onların erməni girovluğunda qeyri-insani rəftara məruz qaldığını açıq şəkildə sübut edir. Girov götürülməsini qadağan edən və hərbi münaqişələr zamanı mülki şəxslərə humanist davranış tələb edən 1949-cu il Cenevrə Konvensiyalarının müddəalarına zidd olaraq, Ermənistan tərəfi beynəlxalq səviyyədə götürdüyü bu öhdəlikləri kobud şəkildə pozmaqda davam edir və Azərbaycan tərəfinin humanitar hüquq normalarına əməl olunmasına və mülki şəxslərin azad edilməsinə dair çağırışlarına məhəl qoymur.

D.Əsgərov və Ş.Quliyev 1993-cü ildən bəri öz doğma torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi nəticəsində məcburi köçkün həyatı yaşayırlar. 20 ildən çox davam edən vətən həsrəti onları işğal edilmiş torpaqlarını ziyarət etmək kimi fədakar bir addımı atmağa sövq etmişdir və onların öz doğma evlərini və valideynlərinin qəbrini görmək istəkləri anlaşılandır. D.Əsgərov və Ş.Quliyevin qanunsuz həbsi və Ermənistanın onları azad etməkdən imtina etməsi girovların yaxınlarının böyük üzüntüsünə, Azərbaycan ictimaiyyətinin isə haqlı qəzəbinə səbəb olur.

Ermənistanın bu qeyri-humanist və qeyri-konstruktiv mövqeyi münaqişənin sülh və danışıqlar yolu ilə həllini daha da çətinləşdirir. D.Əsgərov və Ş.Quliyevin girovluqda saxlanılması Ermənistanın təcavüzün və Azərbaycan torpaqlarının işğalının nəticələrini möhkəmləndirməyə hədəflənmiş məqsədyönlü və hamıya məlum etnik təmizləmə və yüz minlərlə azərbaycanlının güclə qovulduqları evlərinə qayıtmaq hüququnun, ələcə də yaşamaq, azadlıq və təhlükəsizlik hüququnun qarşısının alınması siyasətinin bir daha açıq şəkildə nümayişidir.

Azərbaycan tərəfi bu humanitar xarakterli məsələnin siyasiləşdirilməsinin əleyhinədir və beynəlxalq ictimaiyyətin girovluqda müxtəlif xəstəliklərlə düçar olmuş D.Əsgərov və Ş.Quliyevin taleyinə biganə qalmayacağına və bu günahsız insanların dərhal azad edilməsi və öz ailələrinə qovuşması üçün Ermənistana təsir göstərəcəyinə ümid edir.

Arxiv üzrə axtarış