28 may - Respublika Günü, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibəti ilə “Hilton Tallinn Park” mehmanxanasında rəsmi qəbul keçirilmişdir
28 may tarixində Azərbaycan Respublikasının Estoniya Respublikasındakı Səfirliyi 28 may - Respublika Günü, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibəti ilə “Hilton Tallinn Park” mehmanxanasında rəsmi qəbul təşkil etmişdir.
Azərbaycanın və Estoniyanın dövlət himnləri səsləndirildikdən sonra, Səfir Murad Nəcəfbəyli çıxış edərək 28 May – Respublika Gününün əhəmiyyəti, Azərbaycan Demokratik Respublikasının yaradılması və tarixi haqqında danışmişdır. Bildirilmişdir ki, Azərbaycan Xalq Cümhuriyyəti 23 ay ərzində fəaliyyət göstərmişdir. Ancaq bu müddət ərzində böyük işlər görülmüşdür. Qısa müddət ərzində müvafiq qanunlar qəbul edilmişdir. Onların arasında qadınlara səsvermə hüququnun verilməsi qanunu xüsusi yer tutmuşdur.
1991-ci ildə dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikası bu illər ərzində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində torpaqlarının 20 faizinin işğal olunmasına, etnik təmizləmə nəticəsində bir milyondan çox Azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsinə baxmayaraq ölkəmiz siyasi, iqtisadi, sosial və diplomatik sahələrdə böyük nailiyyətlər əldə etmiş və bütün bunlar Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır.
Səfir bildirdiyi kimi, hazırda prezident İlham Əliyev tərəfindən uğurla aparılan siyasi-iqtisadi islahatlar ölkəmizin davamlı inkişafını təmin edir. Həyata keçirilən tədbirlər Ümummilli Lider Heydər Əliyevin uzaqgörən müdrik siyasətinin məntiqli davamıdır. Səfir müstəqil siyasət aparan Azərbaycanın son 27 il ərzində beynəlxalq aləmdə özünü etibarlı tərəfdaş kimi göstərdiyini və regional inkişafa, təhlükəsizliyə, sabitliyə, eləcə də multikulturalizmə töhfə verdiyini qeyd etmişdir.
Səfir tədbir iştirakçılarına bildirmişdir ki, enerji təhlükəsizliyi baxımından Azərbaycan nəinki regionda, dünya miqyasında önəmli ölkəyə çevrilmişdir. Hazırda Cənub Qaz Dəhlizinin icrası ilə bağlı böyük işlər görülür. Tarixdə ilk dəfə olaraq Xəzər dənizi Qara dənizlə, Aralıq dənizi ilə neft kəmərləri vasitəsilə birləşdi. Azərbaycanın təşəbbüsü ilə Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri inşa olunmuşdur.
Bundan əlavə qeyd olunmuşdur ki, açıq dənizlərə çıxışı olmayan Azərbaycan bu gün dünyanın nəqliyyat mərkəzlərindən birinə çevrilmişdir. Bu xüsusda, Səfir Bakı-Tbilisi-Qars dəmir yolu, nəqliyyat infrastrukturu ilə bağlı digər layihələr, Xəzərin ən böyük limanı olan Ələt Limanının işə düşməsi, habelə “Şimal-Cənub” nəqliyyat dəhlizinin yaradılması istiqamətində atılmış addımlar barədə məlumat vermişdir.
Daha sonra, Səfir Azərbaycan – Avropa Birliyi, o cümlədən Azərbaycan - Estoniya əlaqələrinə toxunmuşdur. Öz çıxışında o, Estoniya və Azərbaycan arasında siyası və iqtisadi münasibətlərin davamlı inkişafından məmnunluğunu ifadə edərək, ikitərəfli münasibətlərin yüksələn xətlə inkişaf etdiyini vurğulamışdır.
Rəsmi çıxışdan sonra tədbir ziyafətlə davam etmişdir.
Tədbirdə Azərbaycanın mədəniyyətini əks etdirən müxtəlif videoçarxlar nümayiş olunmuş, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş nəşrlər paylanmış və Azərbaycan musiqisi səsləndirilmişdir.