2018-04-03

Azərbaycanın Kəlbəcər rayonunun işğalı və aprel döyüşlərinin ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin bəyanatı

Ermənistanın Azərbaycana qarşı başladığı müharibənin, təcavüz və işğal siyasətinin tərkib hissəsi olaraq 1993-cü il aprelin 2-də Azərbaycanın Kəlbəcər rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Azərbaycanın Dağlıq Qarabağ bölgəsi xaricində yerləşən Kəlbəcər rayonunun işğalı üçün hücum əməliyyatı əsasən Ermənistan ərazisindən həyata keçirilib və hücumda ağır artilleriya, Mi-24 helikopterləri və hərbi təyyarələrdən istifadə edilib.

İşğal nəticəsində 60.000-nə yaxın Kəlbəcər sakini etnik təmizləməyə məruz qalaraq öz dogma torpaqlarından qovulub, 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb. Hal-hazırda sayı 70.000-ni ötən Kəlbəcər sakini Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün vəziyyətində yaşayır.

Kəlbəcər sakinlərinin şəxsi mülkiyyəti talan və məhv edilib. Həmçinin, rayon mərkəzi, 150-yə yaxın kənd, onlarla tarixi-mədəniyyət abidəsi, bir muzey, “İstisu” sanatoriyası, 110-dan artıq kitabxana, 100-ə qədər məktəb, 9 uşaq bağçası və xəstəxanalar Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılıb və talan edilib. Kəlbəcərin zəngin maddi-mədəni irsinə ciddi zərər yetirilib. Unikal qədim sikkələr kolleksiyası olan Kəlbəcər tarix muzeyi, qədim qəbristanlıq, Kəlbəcər rayonunun Vəng kəndi ərazisində alban məbədi və digər alban kilsələri, Lök qalası, Uluxan qalası, Qalaboynu qalası, Kəlbəcər şəhərində və kəndlərdə olan məscidlər, Tağlıdaş körpüsü, Aşıq Şəmşir adına mədəniyyət evi Ermənistan Respublikası silahlı qüvvələri tərəfindən darmadağın edilib.

Kəlbəcər rayonu ərazisində yerləşən və Azərbaycanın qədim alban xristian irsinə aid olan və erməni kilsəsi ilə heç bir əlaqəsi olmayan Gəncəsar və Xudavəng monastrlarının original arxitektur xüsusiyyətləri dəyişdirilərək erməniləşdirilir.

Kəlbəcərin təbii resursları və faydalı qazıntıları vəhşicəsinə istismar olunur. Lixtenşteyndə qeydiyyatda olan və Ermənistanın Vallex Qrupunun tərkibinə daxil olan Base Metals şirkəti 2002-ci ildən etibarən Kəlbəcərin Heyvalı kəndi yaxınlığında Qızılbulaq mis-qızıl yatağını qanunsuz olaraq istismar edir. Vəhşicəsinə istismar nəticəsində yatağın resursları tükənib.

2007-ci ildən etibarən GeoProMining şirkətinə daxil olan GPM Gold şirkəti Kəlbəcər ərazisində Soyudlu qızıl yatağını istismar edir. Peyk vasitəsilə çəkilmiş şəkillər yataqda işlərin genişləndirildiyindən xəbər verir.

Kəlbəcər ərazisindən keçən Vardenis-Ağdərə yolunun çəkilişi Kəlbəcər rayonu daxil olmaqla, işğal olunmuş ərazilərdən təbii sərvətlərin Ermənistana və beynəlxalq bazarlara daşınmasına xidmət edir. 

Kəlbəcərin təbii mineral resurslarının istismarı nəticəsində ətraf mühitə ciddi zərər yetirilib.

Hüquqi ekspertiza aparmadan (due dilligence) Azərbaycanın işğal olunmuş Kəlbəcər və digər rayonlarından çıxarılan faydalı qazıntıların, o cümlədən qızılın bəzi qərb ölkələri tərəfindən idxalı ciddi narahatlıq doğuran haldır.

Beynəlxalq humanitar hüququ pozaraq Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonu ərazisində məskunlaşdırma aparılır və demoqrafik tərkib dəyişdirilir.

BMT Təhlükəsizlik Şurasının sədrinin 6 aprel 1993-cü il tarixli bəyanatının ardınca BMT TŞ Azərbaycanın Kəlbəcər rayonunun işğalı ilə əlaqədar 822 saylı qətnamə qəbul etdi. Qətnamədə BMT TŞ ərazi əldə edilməsi üçün gücdən istifadənin qəbul edilməzliyini vurğulayaraq, işğalçı qüvvələrin dərhal işğal olunmuş Kəlbəcər və digər rayonlardan çıxarılmasını tələb etdi. 822 saylı qətnamənin qəbulundan sonra 9 ölkədən ibarət olan ATƏT-in Minsk Qrupu Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması üçün “təcili tədbirlər haqqında vaxt cədvəli” hazırladı. BMT TŞ-nın qətnaməsinin tələblərinə uyğun olaraq Ermənistan nəinki öz qoşunlarını işğal olunmuş Azərbaycan ərazilərindən çıxardı, əksinə Ağdam, Cəbrayıl, Qubadlı, Fizulu və Zəngilanı işğal etdi. 27 iyul 1993-cü ildə BMT TŞ-nın sədrinə hesabatında ATƏT-in Minsk Konfransının prezidenti Mario Raffaelli vurlayıb: Ermənistan BMT TŞ-nın tələblərinə məhəl qoymur, hücum edərək Azərbaycanın yeni rayonlarını işğal edib və danışıqlar prosesini və münaqişənin həllini pozur.

BMT TŞ tərəfindən 1993-cü ildə 822 saylı qətnamə ilə bərabər 853, 874 və 884 saylı qətnamələr də qəbul edilsə də, onların da Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması barədə tələbləri Ermənistan tərəfindən yerinə yetirilmir.

2 aprel 2016-cı ildə qoşunların təmas xəttində vəziyyətin gərginləşməsi və Ermənistan silahlı qüvvələrinin təmas xətti boyunca sıx yaşayan mülki əhalini ağır silahlardan atəşə tutması bir daha göstərdi ki, Ermənistanın Azərbaycan ərazilərinin işğalını davam etdirməsi və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu regional sülh və təhlükəsizlik üçün başlıca təhdiddir. Ermənistanın hücumlarına cavab olaraq, Azərbaycan silahlı qüvvələrinin əks-həmlə tədbirləri nəticəsində mülki Azərbaycan əhalisinin təhlükəsizliyi təmin edildi və strateji əhəmiyyət daşıyan Azərbaycan əraziləri işğaldan azad edildi.

Ermənistan başa düşməlidir ki, Kəlbəcər də daxil olmaqla, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı müvəqqəti xarakter daşıyır. Davamlı və uzunmüddətli nizamlanmaya nail olunmasının yeganə yolu Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz və tamamilə çıxarılması, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmaları üçün ayrılmaz hüquqlarının təmin edilməsidir.

Ermənistan tərəfi əbəs yerə vaxt itirmək və öz xalqı və beynəlxalq ictimaiyyəti aldatmaq əvəzinə təcavüz və etnik təmizləmə siyasətinə son qoymalı, beynəlxalq öhdəliklərinə əməl etməli və münaqişənin nizamlanması prosesinə konstruktiv şəkildə iştirak etməlidir.

İşğala əsaslanan mövcud status-kvo vəziyyətinə görə bütün məsuliyyət Ermənistanın üzərinə düşür.

Arxiv üzrə axtarış