Milli Məclisin Sədri Oqtay Əsədov Estoniyanın Avropa İttifaqı Şərq Tərəfdaşlığında xüsusi səlahiyyətli səfiri Yaan Reynholdun başçılığı ilə Avropa İttifaqı Şərq Tərəfdaşlığının xüsusi tapşırıqlar üzrə səfirlərindən ibarət nümayəndə heyətini qəbul edib
Oqtay Əsədov qonaqları salamlayaraq dedi ki, Avropa İttifaqının yüksək səviyyəli rəsmilərinin ölkəmizə səfərləri siyasi dialoqa və qarşılıqlı etimada əsaslanan münasibətlərin inkişafına şərait yaradır. Səfər çərçivəsində keçirilmiş görüşlər qarşılıqlı əməkdaşlığın möhkəmlənməsinə və bu ayın sonlarında keçiriləcək zirvə görüşünə öz töhfəsini verəcəkdir. Bu baxımdan, ikitərəfli səfərlərin həyata keçirilməsinə böyük əhəmiyyət verilir. O.Əsədov bu yaxınlarda Avropa İttifaqına üzv ölkələrin səfirləri ilə keçirdiyi görüşü xatırlayaraq, Qərbə inteqrasiyanın Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən olduğunu vurğuladı.
Spiker qeyd etdi ki, müstəqil Azərbaycanın əldə etdiyi uğurlar təkcə ölkəmiz üçün deyil, bütöv bir regionun inkişafı baxımından böyük əhəmiyyət daşıyır. Belə ki, bu yaxınlarda “Azəri-Çıraq-Günəşli” yataqlarının işlənməsi ilə bağlı Sazişin müddətinin 2049-cu ilədək uzadılması, Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin işə düşməsi yuxarıda söylədiklərimizi bir daha təsdiqləyir. Azərbaycan Avropanın enerji təhlükəsizliyinə yeni töhfələr verməklə yanaşı, Qədim İpək Yolunun bərpasında, onun dəmir relslər üzərinə keçirilməsində fəal iştirak edir. Gələcəkdə Şimal-Cənub dəhlizinin fəaliyyətə başlaması ilə Bakı Avropa və Asiya üçün mühüm logistik mərkəzlərdən birinə çevriləcəkdir.
Bu gün hüquqi, dünyəvi, demokratik yolla addımlayan ölkəmiz beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklərə böyük məsuliyyətlə yanaşır. Biz qanunvericiliyimizin Avropa standartlarına uyğunlaşdırılması istiqamətində məqsədli addımlar atırıq. Avropa Şurasının bir sıra konvensiyalarına və sazişlərinə qoşulmuşuq. Milli Məclisdə qəbul olunan qanunlar insan və vətəndaşın hüquqlarının qorunmasına, onların sosial rifah halının yüksəlməsinə xidmət edir. Qanunların müzakirəsində Qeyri-Hökumət təşkilatları və iş adamları fəal iştirak edirlər. Xarici investisiyaların qorunması sahəsində də parlamentdə lazımi hüquqi baza yaradılmışdır. Bu gün Azərbaycanda investisiya qoyuluşu üçün əlverişli şərait yaradılmışdır. Biz inanırıq ki, Avropa İttifaqı ilə əlaqələrimiz gələcəkdə də yüksələn xətlə inkişaf edəcək.
Səmimi qəbul üçün minnətdarlığını bildirən Avropa İttifaqı Şərq Tərəfdaşlığının xüsusi tapşırıqlar üzrə səfirlərindən ibarət nümayəndə heyətinin başçısı Yaan Reinhold Aİ-nin noyabrın 24-də keçiriləcək zirvə görüşü ərəfəsində ölkəmizə səfərlərini Azərbaycana bir diqqət kimi qiymətləndirməyi xahiş etdi. Bildirildi ki, Azərbaycan Avropa İttifaqı üçün dəyərli tərəfdaşdır. Səfərdən məqsəd bölgədəki vəziyyətlə yaxından tanış olmaq, sammit ərəfəsində tərəfləri düşündürən məsələlərə aydınlıq gətirmək olduğunu söylədi.
Sonra Milli Məclisin Sədri qonaqları maraqlandıran məsələlərə ətraflı cavablar verdi.
Qəbulda parlamentlər səviyyəsində münasibətlərin gələcək inkişaf perspektivləri, regional münaqişələrin həlli yolları, bərabərhüquqlu faydalı əməkdaşlığın əhəmiyyəti barədə fikir mübadiləsi aparıldı.