BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarovun İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Nazirlər Şurasının növbədənkənar iclasında çıxışı
Nyu-York, 19 Sentyabr 2017-cı il
Hörmətli həmkarlar,
Xanımlar və cənablar,
Şuranın növbədənkənar iclasının iştirakçılarını salamlamaqdan məmnunluq duyur və bu görüşün təşkilinə görə İƏT Katibliyinə təşəkkürümü bildirirəm.
Bugünkü görüş təşkilat daxilində son dövrlərdəki fəaliyyətlərə dair fikir mübadiləsi aparmaq, praktik müzakirələr və təşkilatı daha işlək edə biləcək qərarların alınması üçün yaxşı imkandır.
Qlobal iqtisadiyyat əmtəə qiymətləri tendensiyalarında əsaslı qeyri-müəyyənliklərlə xarakterizə olunan yeni dövrə keçid etdiyi üçün uzunmüddətli milli inkişaf planlaşdırması həm təchizatçılar, həm də alıcılar üçün çətinləşir. Bu qeyri-stabillik eləcə də maliyyə mənbələrinin mövcudluğuna təsir edir və bu mənbələr iqtisadiyyatımızın məqsədlərinə xidmət etmək üçün mərkəzləşdirilməlidir.
Bu qlobal tendensiyalar bizim qarşılıqlı əlaqələrimizi əhəmiyyətli dərəcədə artırır və bizim regional əməkdaşlığımız daha çox əhəmiyyət kəsb etməyə başlayır. Biz qəbul etməliyik ki, regionun potensialını üzə çıxarmaq üçün çox işlərin görülməsi lazımdır. Bizim qlobal ÜDM-də, ticarət və ixracatda payımız regionun potensialından xeyli aşağıdır.
Şuranın əvvəlki görüşlərində biz təşkilat daxilində mövcud əməkdaşlıq mexanizminin təkmilləşdirilməsi üçün yaradıcı yolları və vasitələri tapmaq ehtiyacının olduğunu vurğuladıq. Biz fikirləşirik ki, bu konteksdə sərhədkeçmə prosedurlarının sadələşdirilməsi daxil olmaqla, ticarət və nəqliyyatın asanlaşdırılmasına yönəlik səylərə xüsusi diqqət yetirməliyik.
Ötən önilliklər ərzində Azərbaycan İƏT-in aktiv üzvlərindən olmuş və 2 Summit, nazirlərin toplantıları kimi müxtəlif səviyyəli tədbirlərə ev sahibliyi etməklə təşkilatın dəstəkçisi olmuşdur. Həmçinin, Azərbaycan vacib layihələrin təşəbbüskarı və iştirakçısıdır.
Bu il Azərbaycan “İƏT-in Qəzvin-Rəşt-Astara (İran)- Astara (Azərbaycan) dəmir yolu layihəsi üzrə yüksək səviyyəli işçi qrupunun 3-cü iclası”, ''İƏT-ə üzv dövlətlərin dəmir yolu orqanlarının rəhbərlərinin 13-cü iclası, “İƏT-in Tranzit Nəqliyyatı üzrə Əlaqələndirmə Şurasının (TTCC) Dəmir Yolu Komitəsinin 7-ci iclası” və “İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə qurumları rəhbərlərinin və ombudsmanlarının 3-cü görüşü’’nə ev sahibliyi edib. Biz, həmçinin bu il üzv dövlətlər arasında bu sahədə əməkdaşlığa töhfə verəcək “İnformasiya və komunikasiya texnologiyaları üzrə 2-ci İƏT nazirlərinin görüşü ’’ və ‘’İƏT Poçt qurumlarının 6-cı görüşü” nə ev sahibliyi etməyi planlaşdırırıq.
Ticarət potensialı nəqliyyat və uzlaşdırma məsələləri ilə sıx bağlıdır. Regionun istehsalçı, bazar və tranzit dəhlizi kimi rəqabətliliyinin artırılması üçün regional infrastrukturun inkişafı düzgün şəkildə həyata keçirilməlidir.
Avropa və Asiya arasında təbii körpü kimi strateji roluna görə Azərbaycan həmişə aktiv iştirakçı və regional, transregional uzlaşdırma layihələrinin mühüm təşəbbüskarı olub. Bu gün Azərbaycan Şərq-Qərb və Şimal-Cənub Nəqliyyat dəhlizlərinin təşviq edilməsi üçün bir sıra əsas layihələrin həyata keçirilməsinə cəlb olunmuşdur.
Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizinin bir hissəsi kimi Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən strateji Bakı-Tbilisi-Qars dəmiryolu bağlantısı layihəsinin həyata keçirilməsi Şərq və Qərb arasında aralıqsız dəmiryolu keçidini təmin edərək regional ticarəti asanlaşdıracaq. Bu layihənin açılış mərasiminin keçirilməsi 2017-ci ilin 28 oktyabrına planlaşdırılır və yaxın vaxtlarda dəmiryolunun tam istismara verilməsi gözlənilir.
Biz Çindən Mərkəzi Asiya, Xəzər dənizi, Azərbaycan, Gürcüstandan keçməklə Avropaya istiqamətlənmiş ilk konteyner qatarını 2016-cı ildə yola saldıq. Bu sınaq qatarı marşrutun tranzit dövrünün 30-35 gündən 15 günə kimi azalda biləcəyini sübut etdi. Azərbaycan həmçinin digər diqqətəlayiq bir layihəyə- il ərzində 25 milyon ton yükaşırma potensialına malik, Xəzər Dənizi hövzəsində ən böyük və çoxməqsədli liman - Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının (Ələt) inşasına başlayır. Ələt limanının Avropa, Rusiya və İrana istiqamətlənmiş dəmiryolu kəsişmələrində və Bakı hava limanına yaxınlıqda yerləşməsi ona digər Xəzər Dənizi limanlarına səmərəli dəmiryolu və regional sahil zonası və sərhəddən uzaq rayonlara maneəsiz keçid imkanı verir.
Azərbaycan həmçinin, malların Şimali Avropa və Rusiyadan İran Körfəzi, Hindistan və digər ölkələrə nəqlini təmin edəcək Şimal Cənub Beynəlxalq dəhlizinin aktiv təşəbbüskarlarındandır. Qəzvin-Rəşt-Astara(İran) dəmir yolu xəttinin Qəzvin-Rəşt hissəsində (164 km) tikinti işləri artıq başa çatmışdır. Astara(Azərbaycan) dəmir yolu xəttinin Astara-Astara hissəsində (İran sərhədinə qədər olan hissədə) və Astara çayı üzərində dəmir yolu körpüsündə də tamamlanma işləri aparılmışdır. Yalnız çatışmayan hissə - Rəşt-Astara hissəsinin inşası hələ başa çatmaq üzərədir ki, bunun üçün hər iki ölkə birgə maliyyələşdirmə ilə bağlı danışıqlar aparır. Layihə müvəffəqiyyətlə istismara verildikdən sonra Azərbaycan, Rusiya və İran dəmiryollarını birləşdirməklə regional əməkdaşlığa mühüm töhfə verəcəkdir.
Bizim ölkələrimizin əksəriyyəti üçün turizm demək olar ki, istifadə edilməmiş resursları özündə əks etdirir. Bizim region bir çox sivilizasiyaların beşiyidir və əsrlər boyu dünyanın mədəni və elmi fəaliyyətində mərkəzi rol oynamışdır. Biz regionumuzda turizmi ticarət predmeti halına gətirməli və cəlbedici və istifadəyə yararlı məhsul kimi həm öz xalqımız, həm də dünyaya təqdim etməliyik. Son görüşümüzdən etibarən Azərbaycan bu istiqamətdə mühüm addımlar atmışdır.
Üzvlər arasında davamlı əməkdaşlıq informasiya strukturlarını qurmaq və işlətmək üçün vacibdir. Bu regionda rəqəmsal bərabərsizliyi azaltmağa və bu xüsusda, BMT qətnaməsi tərəfindən dəstək verilmiş Trans Avrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsinin reallaşdırılmasına töhfə verəcək. Layihənin reallaşdırılması layihə iştirakçılarına inkişaf etdirilmiş regional və qlobal konnektivlik, marşrutların şaxələndirilməsi, təkmilləşdirilmiş fəkalət dayanıqlığı, rəqəmsal bərabərsizliyi azaltmaq, Dayanıqlı İnkişaf Məqsədlərinə və regional innovasiya və modernləşdirməyə töhfə imkanları verəcəyi gözlənilir. Bu konteksdə, biz üzv dövlətləri beynəlxalq şəbəkəyə yüksək keyfiyyətdə çıxış imkanı təmin edəcək bu təşəbbüsü dəstəkləməyə çağırırıq.
Regional enerji əməkdaşlığı məsələsi artıq İƏT regionunda ön plana çıxmışdır. Bu sahədə İƏT Regional Elektrik Bazarının yaradılması kimi indiyədək bir sıra müsbət nailiyyətlər əldə edilmişdir.
Davamlı enerji layihələrinin təşəbbüsü və həyata keçirilməsi vasitəsilə Azərbaycan özünü etibarlı enerji təchizatçısı kimi tanıtmış və Asiya və Avropa arasında mühüm körpüyə çevrilmişdir. Bu gün Azərbaycan Avropada ən böyük infrastruktur və enerji layihələrindən biri olan Cənubi Qaz Dəhlizi (CQD) və onun Xəzər hövzəsindən Avropaya karbohidrogen nəqlini nəzərdə tutan digər 2 əsas hissələrinin - Trans-Anadolu Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəmərinin (TAP) - əsas təşəbbüskeşlərindəndir. Bu enerji layihələrinin reallaşdırılması enerji mənbələrinin diversifikasiyasını, eyni zamanda regionda və kənarda nəqliyyat və enerji təchizatının təhlükəsizliyini artıracaqdır.
Regional xarakterli iqtisadi layihələri müvəffəqiyyətlə həyata keçirmək üçün bölgədə faydalı layihələrin həyata keçirilməsini təşviq etmək və BMT-nin ixtisaslaşmış qurumları və beynəlxalq maliyyə institutları ilə daha sıx əməkdaşlıq etməyi məqsədəuyğun hesab edirik.
Azərbaycan İƏT-in gələcək inkişafı naminə fəaliyyətlərin təkmilləşdirilməsi üçün imkan yarada biləcək islahat prosesini birgə səylərlə dəstəkləyir. Yeni “İƏT-2025” fəaliyyət proqramı bütün üzv dövlətlərin maraqlarını əks etdirməlidir. Bu islahat prosesi İƏT daxilində fəaliyyətlərin və mövcud qurumların səmərəliliyini artıracaqdır.
Hörmətli həmkarlar,
Təhlükəsizlik və sabitliyin qorunub saxlanılması regional əməkdaşlıq və uğurlu cəmiyyət qurmaq üçün əsas komponentdir. Təəssüf ki, son görüşümüzdən etibarən regionumuzda sabitlik və təhlükəsizlik daha da zəifləmiş, yeni münaqişə ocaqları meydana gəlmiş və regionun inkişaf perspektivləri ciddi şəkildə risk altına düşmüşdür . Biz itirilmiş və ya şikəst olmuş insan həyatları kimi çoxsaylı insan fəlakətlərinin şahidi olmuşuq və milyonlarla insan öz evlərini tərk etmək məcburiyyətində qalıb.
Təəssüf ki, Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20%-nin işğalını davam etdirməklə regional təhlükəsizlik və sabitliyi təhlükə altına atır, həmçinin tamhüquqlu regional əməkdaşlığa maneə yaradır. Ermənistan öz aqressiv siyasətində daha da irəliləyərək işğal altında olan ərazilərə biznes, ticarət və investisiyaların cəlb edilməsi yolu ilə digər ölkələri qanunsuz işğal ilə əlaqələndirməyə çalışır.
Bütün ölkələrin Ermənistanın bu niyyətindən xəbərdar olması və Azərbaycanın işğal olunmuş ərazilərində hər hansı sosial, iqtisadi və mədəni fəaliyyətdən imtina etmələri bizim əməkdaşlığımız üçün mühümdür. Mən bütün İƏT-in üzv dövlətlərini Azərbaycan Respublikasının işğal olunmuş ərazilərindəki rejim və həmin ərazilərdə ticarət, iqtisadi və sərmayə fəaliyyətinə cəlb olunma cəhdlərinin qarşısını almağa çağırıram.
Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan hərbi qüvvələrinin çıxarılması və qaçqınların və məcburi köçkünlərin öz yurdlarına qaytarılmasının təmin olunması yalnız Cənubi Qafqaz daxilində sülh və təhlükəsizliyi deyil, həm də tamhüquqlu regional əməkdaşlığı gücləndirəcəkdir.
Diqqətinizə görə təşəkkürlər.