2017-08-14

Ermənistan ordusu tərəfindən mülki əhalinin, xüsusən də uşaqların hədəfə alınması ilə bağlı Azərbaycan Respublikasının Ombudsmanın Müraciəti

Ermənistan silahlı qüvvələrinin bölmələri 2017-ci il avqust ayının 7-də Azərbaycanın işğal olunmuş ərazilərindən Tovuz rayonunun Ermənistanla həmsərhəd olan Qaralar kəndini iriçaplı silahlardan atəşə tutaraq mülki əhalinin qəsdən məhv edilməsi məqsədilə törəddikləri növbəti təxribat nəticəsində Qaralar kənd sakini - 2004-cü il təvəllüdlü 13 yaşlı uşaq Yusifov Ramin Sabir oğlu qəlpə xəsarətləri alaraq ağır vəziyyətdə xəstəxanaya yerləşdirilmişdir.

Mülki insanların, o cümlədən uşaqların hədəfə alınması və qətlə yetirilməsi məqsədi daşıyan qəddar əməllər işğalçı Ermənistanın yürütdüyü davamlı terrorizm siyasətinin tərkib hissəsidir.

2017-ci ilin 4 iyul tarixində isə Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndində məskunlaşan çoxsaylı mülki əhalinin yaşadığı yaşayış məntəqələri və mülki obyektlər hədəflənmiş şəkildə, qəsdən ağır silahlardan atəşə tutulmuş, nəticədə 1967-ci il təvəllüdlü yaşlı qadın Allahverdiyeva Sahibə və onun 2 yaşlı qız nəvəsi Quliyeva Zəhra həlak olmuş, digər mülki şəxs 1965-ci il təvəllüdlü qadın Quliyeva Səlminaz ağır yaralanmış və mülki obyektlər dağıdılmışdı.

Göründüyü kimi, Ermənistan özünün təcavüzkar əməllərindən əl çəkməyərək Ordumuzun cəbhəboyu mövqelərini və mülki əhalinin yaşadığı əraziləri iriçaplı silahlardan intensiv atəşə tutmaqla beynəlxalq humanitar hüquq normalarının tələblərini kobud surətdə pozmaqda davam edir.

Ermənistan silahlı qüvvələri tərəfindən minlərlə günahsız insanın həyatına son qoyulması, kütləvi şəkildə insan hüquqlarının kobudcasına pozulması, dünya mədəniyyətinə mənsub tarixi, dini və mədəni abidələrin tam dağıdılması ilə nəticələnən Azərbaycana qarşı 25 ildən artıq davam edən hərbi təcavüz, etnik təmizləmə və terror aktlarının davamı olan növbəti bir cinayət aktı kimi qiymətləndirilməlidir və beynəlxalq hüquq normalarına əsasən həmin cinayətləri törədənlərin cəzalandırılması istiqamətində təsirli tədbirlər görülməlidir

Cəzasızlıq mühitinin arxayınçılığı belə səviyyəyə çatıb ki, dəfələrlə törətdiyi vəhşiliklər, xüsusilə azyaşlı uşaq və qadınları hədəfə alması beynəlxalq ictimaiyyət tərəfindən kəskin şəkildə pislənilməsinə baxmayaraq, Ermənistan bu çirkin əməllərindən nəticə çıxarmayaraq avqustun 7-də 13 yaşlı Ramin Yusifovun yaralanması ilə nəticələnən növbəti cinayəti törətməkdən belə çəkinməmişdir.

Ermənistan 1988-ci ildən başladığı və uzun müddətli ara vermədən davam etdirdiyi hərbi təcavüz nəticəsində Azərbaycanın Dağlıq Qarabağ ərazisini, eləcə də ətraf yeddi rayonu işğal etmiş, bununla da ölkəmizin ərazisinin 20 faizi zəbt olunmuş, bir milyon soydaşımız qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur olmuşdur.

2016-cı ilin 2-5 aprel tarixlərində erməni silahlı qüvvələri tərəfindən mülki əhalinin yaşadığı çoxsaylı yaşayış məntəqələrinin, məktəb və digər sosial obyektlərin, habelə Azərbaycan Silahlı Qüvvələrinin qoşunların təmas xətti boyunca mövqelərinin ağır artilleriyadan, iri çaplı silahlardan intensiv atəşə tutulması nəticəsində cəbhə xətti boyunca 34 mülki şəxs yaralanmış, arasında uşaq olmaqla 6 nəfər həlak olmuşdur.

Ermənistanın Azərbaycan mülki əhalisinə və mülki obyektlərə birbaşa və qəsdən hücumları, beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə 1949-cu il Cenevrə konvensiyaları və ona 1 saylı Əlavə, həmçinin uşaqların hüquqlarına və insan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanın ciddi şəkildə pozulmasıdır.

Bu hadisələr isə Ermənistanın təcavüzkar siyasətini, qeyri-insani hərəkətlərini növbəti dəfə təsdiqləyərək, belnəlxalq hüquq normalarına saymazyana münasibət göstərdiyini bir daha sübut edir. 

Bununla bağlı dünya birliyinə, mötəbər beynəlxalq qurumlara və həmkarlarıma  bir daha müraciət edərək, Azərbaycana qarşı aparılan uzunmüddətli erməni təcavüzünə, dinc əhalinin qətlə yetirilməsinə, kütləvi şəkildə insan hüquqlarının pozulmasına son qoyulması məqsədilə, yalnız pisləmək deyil, qətiyyətli səylər göstərməyə çağırıram.

Beynəlxalq ictimaiyyət bu cür qəddarlıq, amansızlıq və qeyri-insani hadisələrə laqeyd qalmamalı, beynəlxalq cinayətləri törətmiş işğalçı Ermənistanı BMT Nizamnaməsinə müvafiq olaraq cəzalandırılmasına nail olmalıdır.

 

Elmira Süleymanova

 

Azərbaycan Respublikasının

İnsan Hüquqları üzrə Müvəkkili

 (Ombudsman)                                      

09 avqust 2017-cı il

Arxiv üzrə axtarış