2017-05-25

28 may - Respublika Günü və Azərbaycan-Estoniya diplomatik münasibətlərinin qurulmasının 25 illiyi münasibəti ilə Tallin şəhərində rəsmi qəbul keçirilib

25 may tarixində Azərbaycan Respublikasının Estoniya Respublikasındakı Səfirliyi 28 may - Respublika Günü, habelə iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibəti ilə “Hilton Tallinn Park” mehmanxanasında rəsmi qəbul təşkil etmişdir.

Azərbaycanın və Estoniyanın dövlət himnləri səsləndirildikdən sonra, Səfir Murad Nəcəfbəyli çıxış edərək 28 May – Respublika Gününün əhəmiyyəti, Azərbaycan Demokratik Respublikasının tarixi haqqında danışmişdır. Səfir qeyd etmişdir ki, müsəlman şərqində ilk demokratik respublikanın təsis edilməsini elan edən Müstəqillik Bəyannaməsi 1918-ci ilin may ayının 28-də qəbul edilmişdir. Azərbaycan Demokratik Respublikası xalqımızın milli dövlətçilik ənənələrinin bərpasında müstəsna əhəmiyyətə malik olmuşdur. Azərbaycanın dövlət quruculuğunda əldə etdiyi böyük nailiyyətlər barədə tədbir iştirakçılarına məlumat verən Səfir bildirmişdir ki, Azərbaycan Demokratik Respublikası parlament və çoxpartiyalı hökumətin, eləcə də bütün dövlətçilik atributlarının yaradılmasına nail olmuş, Şərqdə ilk dəfə olaraq, bir çox ölkələrdən öncə Azərbaycanda qadınlara seçki hüququ verilmişdir. Respublikanın müstəqilliyi 26 dövlət tərəfindən tanınaraq, 19 dövlət ilə diplomatik əlaqələr qurulmuşdur.

1991-ci ildə dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikası bu illər ərzində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində torpaqlarının 20 faizinin işğal olunmasına, etnik təmizləmə nəticəsində bir milyondan çox Azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsinə baxmayaraq ölkəmiz siyasi, iqtisadi, sosial və diplomatik sahələrdə böyük nailiyyətlər əldə etmiş və bütün bunlar Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır.

Səfir bildirdiyi kimi, hazırda prezident İlham Əliyev tərəfindən uğurla aparılan siyasi-iqtisadi islahatlar ölkəmizin davamlı inkişafını təmin edir. Həyata keçirilən tədbirlər Ümummilli Lider Heydər Əliyevin uzaqgörən müdrik siyasətinin məntiqli davamıdır. Səfir müstəqil siyasət aparan Azərbaycanın son 26 il ərzində beynəlxalq aləmdə özünü etibarlı tərəfdaş kimi göstərdiyini və regional inkişafa, təhlükəsizliyə, sabitliyə, eləcə də  multikulturalizmə töhfə verdiyini qeyd etmişdir.  

Daha sonra, Səfir 2017-ci ilin Azərbaycan - Estoniya əlaqələri üçün əlamətdar  oduğunu vurqulayaraq, iki ölkə arasında diplomatik əlaqələrin 1992-ci ilin 20 aprel tarixində qurulduğunu xatırlatmış və bu il həmin əlaqələrin 25 illiyinin qeyd olduğunu bildirmişdir.

Tədbirdə həmçinin çıxış edən Estoniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri cənab Denis Borodiç dost ölkə olan Azərbaycanı Respublika Günü münasibətilə öz adından və ölkəsi adından təbrik etmişdir.

Cari ildə Bakıda keçirilmiş ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın iclasından bəhs edən D.Borodiç Estoniya nümayəndə heyəti  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilmək şərəfinə layiq görülmüş, habelə Azərbaycan Respublikasının parlamentinin sədri, Baş nazir, xarici işlər naziri və digər yüksək səviyyəli rəsmiləri ilə görüşmüşdür.

D.Borodiç öz çıxışında Estoniya və Azərbaycan arasında siyası və iqtisadi münasibətlərin davamlı inkişafından məmnunluğunu ifadə edərək, ötən il ərzində yüksək səviyyəli səfərlər nəticəsində ikitərəfli münasibətlərin yüksələn xətlə inkişaf etdiyini vurğulamışdır. O, iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğunu bildirmişdir.

D.Borodiç Estoniyanın ölkəmizin ərazi bütövlüyünü dəstəklədiyini diqqətə çatdıraraq, işğal olunmuş ərazilərin azad olunmasını və Azərbaycanın ərazi bütövlüyünün tezliklə bərpasını arzu etdiyini və buna qisa müddətdə nail olunacağına əminliyini ifadə etmişdir.

Ölkəmizdən hər zamankı kimi dərin müsbət təəssüratlarla ayrıldıqlarını qeyd edən cənab D.Borodiç Azərbaycanı gözəl, təhlükəsiz və inkişaf etmiş demokratik dövlət kimi xarakterizə etmişdir.

Çıxışının sonunda, cənab Denis Borodiç Azərbaycan xalqına rifah, tərəqqi və əmin-amanlıq arzu etmişdir.

Rəsmi çıxışlardan sonra tədbir ziyafətlə davam etmişdir.

Qəbulda Azərbaycan Respublikası Hökuməti və Estoniya Respublikası Hökuməti arasında Ticarət-İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın həmsədri, Estoniyanın dövlət idarəçiliyi naziri cənab Mixail Korb və digər hökumət üzvləri, Estoniya - Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri, xarici işlər nazirliyinin təmsilçiləri, parlament üzvləri, Estoniya Elmlər Akademiyasının rəhbərliyi, Tallində akkreditə olunmuş diplomatik korpusun rəhbərləri və əməkdaşları, şirkət rəhbərləri, Estoniyanın milli televiziya və radio şirkətinin rəhbərliyi və əməkdaşları, aparıcı media qurumlarının nümayəndələri, jurnalistlər, alimlər, görkəmli ictimai və mədəniyyət xadimləri, iş adamları, o cümlədən Estoniyanın yəhudi, tatar, gürcü, litvalı və Azərbaycan icmalarının təmsilçiləri iştirak etmişdirlər.

Tədbirdə Azərbaycanın mədəniyyətini əks etdirən müxtəlif videoçarxlar nümayiş olunmuş, nəşrlər paylaşmış və Azərbaycan musiqisi səsləndirilmişdir.

 

 

Arxiv üzrə axtarış