Bakıda Azərbaycan-Estoniya biznes forumu keçirilib
Aprelin 7-də Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Estoniya biznes forumu keçirilib.
Tədbirdə Azərbaycan və Estoniyadan rəsmi şəxslərlə yanaşı, sənaye, nəqliyyat, logistika, kənd təsərrüfatı, İKT, inşaat, konsaltinq, ticarət və digər sahələrdə fəaliyyət göstərən 60-a yaxın iş adamı iştirak edib.
AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində ölkəmizdə əlverişli biznes və investisiya mühitinin yaradıldığını diqqətə çatdırıb, sahibkarlıq sahəsində həyata keçirilən iqtisadi islahatlar barədə məlumat verib. Qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən tədbirləri, iqtisadiyyatın diversifikasiyası, özəl sektorun gücləndirilməsi, ixracın genişləndirilməsi, "Made in Azerbaijan" brendinin və xarici investisiyaların təşviqi, biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində görülən işləri diqqətə çatdırıb.
Estoniya iqtisadiyyatı və biznes imkanlarına dair təqdimatla çıxış edən Estoniyanın İqtisadiyyat və Kommunikasiya Nazirliyinin İqtisadi inkişaf şöbəsinin rəhbəri Kaupo Reede Azərbaycan iqtisadiyyatına ölkəsində marağın böyük olduğunu, iki ölkə arasında iqtisadiyyatın müxtəlif sahələrində geniş əməkdaşlıq imkanlarını vurğulayıb. Estoniyanın Azərbaycanla ikitərəfli əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulayan Kaupo Reede iş adamlarını fəal əməkdaşlığa dəvət edib.
Tədbir iş adamları arasında ikitərəfli görüşlərlə davam edib.