2017-04-06

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə Estoniya Respublikasının Dövlət İdarəçilik naziri Mixail Korbun başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi

Aprelin 6-da Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə  ölkəmizdə səfərdə olan Estoniya Respublikasının Dövlət İdarəçilik naziri, Azərbaycan-Estoniya Hökumətlərarası Komissiyasının həmsədri Mixail Korbun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Azərbaycan-Estoniya münasibətlərinin siyasi baxımdan kifayət qədər yüksək səviyyədə olduğunu nəzərə çatdıran Baş nazir Artur Rasi-zadə, adekvat olaraq iqtisadi əlaqələrin daha da genişləndirilməsinin zəruriliyini vurğuladı. Bu baxımdan Azərbaycan-Estoniya Hökumətlərarası Komissiyasının iclasında müzakirə olunan bütün mühüm  layihələrə dəstək veriləcəyini bildirən Baş nazir iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən, texnologiya, telekommunikasiya, kənd təsərrüfatı, ticarət, xidmət və s. istiqamətlərdə yaxşı potensialın mövcudluğunu qeyd etdi. Daha sonra Şimal-Cənub nəqliyyat dəhlizinin imkanları və Azərbaycanın bu istiqamətdə gördüyü işlər barədə qonaqlara ətraflı məlumat verərkən, regional problemlər fonunda diqqəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə yönəldən Baş nazir Artur Rasi-zadə, bu münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü və sərhədlərimizin toxunulmazlığı prinsipləri əsasında həllinin mümkünlüyünü vurğuladı.    

Bölgədə lider dövlət olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə  görüşün onlarda böyük təəssürat yaratdığını deyən Estoniyanın Dövlət İdarəçilik naziri Mixail Korb bildirdi ki, bundan sonra səfər çərçivəsində azərbaycanlı həmkarları ilə çox səmərəli müzakirələrə qatılmış,  qarşılıqlı əməkdaşlığın, ticarət dövriyyəsinin və ixrac imkanlarının daha da  genişləndirilməsinə dair  faydalı danışıqlar aparmışlar. Azərbaycan və Estoniya iş  adamlarının hər iki ölkədə biznes imkanlarının inkişafı üçün münbit şəraitin olduğunu qeyd edən Mixail Korb çıxışının sonunda səmimi qəbula görə Azərbaycanın Baş nazirinə təşəkkürünü bildirdi.

Qəbulda qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi oldu.

Arxiv üzrə axtarış