Estoniyanın gimnaziyalarında “Azərbaycan və Türkiyə tarixi, mədəniyyəti və təbiəti ilə tanışlıq” adlı layihəsinə başlanılmışdır
13 dekabr 2016-cı il tarixdə Tallin şəhərində “Tallinn Pae” gimnaziyasında Azərbaycan Mədəniyyət Mərkəzi “Aydan”ın təşəbbüsü, eləcə də Azərbaycan və Türkiyə Səfirlikləri, Estoniya Mədəniyyət Nazirliyi, “MISA” İnteqrasiya və Miqrasiya Fondu və Tallin şəhər icra hakimiyyətinin “Peaceful home” layihəsinin dəstəyi ilə “Azərbaycan və Türkiyə tarixi, mədəniyyəti və təbiəti ilə tanışlıq” adlı layihəsinə başlanması ilə bağlı tədbir keçirilmişdir.
Gimnaziyanın müəllimləri və yuxarı sinif şagirdlərinin iştirakı ilə keçirilmiş tədbirdə gimnaziyanın direktoru, Azərbaycan və Türkiyə Səfirliklərinin nümayəndələri, “Aydan” Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Niyazi Hacıyev və Estoniya “MISA” İnteqrasiya və Miqrasiya Fondunun nümayəndəsi çıxış etmişlər.
2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsi baxımından çıxışda böyük diqqət Azərbaycan - multikulturalizm modeli, tolerantlıq, Qafqaz Albaniyası kimi mövzulara yönəldilmişdir.
Daha sonra, Azərbaycan Səfirliyi tərəfindən gimnaziyanın direktoru İzabella Riytsaara Azərbaycanın milli musiqi alətləri və xalçasının nümunəsini özündə təcəssüm etdirən milli suvenir təqdim edilmiş, eləcə də bir sıra kitab və nəşrlər gimnaziyaya hədiyyə olunmuşdur.
Tədbir Azərbaycan diasporunun “bazar günü” məktəbinin rəhbəri və müəllimi Şaxsənəm Əliyevanın ölkəmiz üzrə təqdimatı ilə davam etdirilmişdir.
Layihə çərçivəsində Estoniyanın bir neçə gimnaziyalarında yuxarı sinif şagirdlərinin esse, sual-cavab və digər müsabiqələrdə iştirakı nəzərdə tutulub.
Sözügedən layihə çərçivəsində silsilə tədbirlərin Estoniyanın iki böyük şəhərləri olan Tartu və Tallinin “Hugo Treffner”, “Nõo Science” və “Kadriorg German” gimnaziyalarında da təşkili nəzərdə tutulur.