Azərbaycan Milli Elmlər Akademiyasının nümayəndə heyəti Estoniyada səfərdədir
Estoniyanın Elmlər Akademiyasının dəvəti ilə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik Akif Əlizadənin başçiliq etdiyi nümayəndə heyətinin 27-28 oktyabr 2016-cı tarixlərində Estoniya Respublikasına səfəri baş tutmuşdur.
Səfərin ilk günü 27 oktyabr tarixində, nümayəndə heyəti Tallin Texniki Universitetinə baş çəkərək, bu təhsil müəssisəsinin tədqiqatlar üzrə vitse-rektoru cənab Renno Veinthal ilə görüşmüşdür. Azərbaycan nümayəndə heyəti üçün Universitetdə müxtəlif sahələrdə aparılan tədqiqat layihələri üzrə xüsusi təqdimatlar keçirilmişdir.
Elə həmin gün Estoniya Elmlər Akademiyasında Azərbaycan Milli Elmlər Akademiyası və Estoniya Elmlər Akademiyası arasında elmi əməkdaşlıq haqqinda sazişin təntənəli imzalanma mərasimi keçirilmişdir.
Saziş Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti cənab Akif Əlizadə və Estoniya Elmlər Akademiyasının prezidenti cənab Tarmo Soomere tərəfindən imzalanmışdır.
Mərasimdə Azərbaycan Respublikasının Estoniya Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Murad Nəcəfbəyli, Estoniya Elmlər Akademiyasının üzvləri və ölkənin digər görkəmli alimləri iştirak etmişlər. Mərasimin sonunda akademik A.Əlizadə həmkarına Azərbaycan Milli Elmlər Akademiyasının 70 illiyinə həsr edilmiş yubiley medalını hədiyyə etmiş, Azərbaycan Milli Elmlər Akademiyasının tarixi, Akademiyanın aktual elmi layihələri barədə mərasim iştirakçilarına geniş məlumat vermiş və Estoniyanın Elmlər Akademiyasının prezidentini cənab T. Soomereni Azərbaycana səfər etməyə dəvət etmişdir.
Cənab T.Soomere həmkarına dəyərli hədiyyə üçün təşəkkür edərək, öz növbəsində Estoniya Elmlər Akademiyasında Azərbaycanlı həmkarlarını ilk dəfə qəbul etməkdən şərəf duyduqlarını və son 4 ildə bu cür təntənəli mərasimin olmadığını qeyd etmişdir.
İmzalanmış sazişin həyata keçirilməsinə ümidvar olduğunu qeyd edən cənab T.Soomere, Akademiyanın fəaliyyəti və nailətləri, habelə yerləşdiyi binanın tarixi barədə danışmışdır.
Daha sonra tədbir iştirakçıları üçün Akademiya binasında ekskursiya keçirilmişdir. Dostluq ruhunda keçən bu tədbir ziyafətlə davam etmişdir.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti, həmçinin Tallin Universitetinə baş çəkmiş, Universitetinin rəhbərliyi - tədqiqatlar üzrə vitse-rektoru xanım Katrin Niglas ilə görüşmüş və bu təhsil ocağının fəaliyyəti ilə tanış olmuşdur.