2016-02-26

Xocalı soyqırımının 24-cü ildönümü

MƏTBUAT BURAXILIŞI

 

Xocalı soyqırımının 24-cü ildönümü

 

Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı davam edən təcavüzü zamanı Ermənistan tərəfindən müharibə, insanlıq əleyhinə cinayətlər və soyqırımı cinayəti kimi ən ağır beynəlxalq cinayətlər törədilmişdir. Bu gün xalqımız Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində yerləşən Xocalı şəhərinin dinc sakinlərinə və şəhərin müdafiəçilərinə qarşı törədilmiş dəhşətli cinayətlərin 24-cü ildönümünü yad edir.

 

25 fevral 1992-ci il tarixində gecə yarısı Xocalı şəhəri Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən daha öncə işğal edilmiş Xankəndi və Əsgəran şəhərlərindən atəşə tutuldu. Fevralın 25-dən 26-na keçən gecə Ermənistan Respublikasının silahlı qüvvələri keçmiş Sovet 366-cı motoatıcı alayının dəstəyi ilə şəhəri mühasirəyə aldılar. Şəhər Ermənistan tərəfindən Azərbaycanlı əhaliyə qarşı aparılan etnik təmizləmə siyasəti nəticəsində ətraf ərazilərdən artıq təcrid olunmuşdu. Ağır artilleriyanın gülləbaranı nəticəsində xarabalığa çevrilmiş şəhər birgə qüvvələr tərəfindən işğal edildi. Şəhəri müdafiə edən 150 nəfərin öldürülməsindən sonra şəhərdə qalan bir neçə müdafiəçi yüzlərlə şəhər sakininin qaçıb canlarını qurtarmaları üçün humanitar dəhliz yaratdılar. Ağır şəraitdə gecənin zülmət qaranlığında dinc sakinlər pusquda duran Ermənistan hərbi və polis qüvvələri tərəfindən yaxalandı. Canlarını qurtarmaq üçün yaxın dağ və meşələrdə sığınacaq tapmaq ümidilə evlərini tərk edən minlərlə dinc sakin gülləbaran edildi. Pusquda duran Ermənistan silahlı qüvvələri müdafiəsiz qalmış mülki şəxsləri öldürür, şikəst edir, müharibə qəniməti kimi dərilərini soyub aparırdılar.

 

Fevralın 25-dən 26-na keçən gecə cəmi bir neçə saat ərzində 106-sı qadın, 63-ü uşaq və 70-i ahıl olmaqla 613 nəfər qətlə yetirilmiş, 1275 nəfər girov götürülmüşdür. 150 nəfərin taleyi isə bu günə qədər məlum deyildir. Soyqırımı zamanı 76-sı uşaq olmaqla Xocalının 487 sakini əlil edilmiş, 6 ailə tamamilə məhv edilmiş, 26 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir. Qətlə yetirilənlərdən 56 nəfər xüsusi qəddarlıqla öldürülmüşdür: onların başları kəsilmiş, gözləri çıxarılmış, diri-diri yandırılmış, hamilə qadınların doğulmamış uşaqları qarınlarından çıxarılmışdır. 

 

Xocalıda törədilmiş hadisələrlə əlaqədar çoxsaylı faktlar bu cinayətin soyqırımı cinayəti olması faktını təsdiq edir. Belə ki, BMT-nin Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında 1948-ci il tarixli Konvensiyasının 2-ci maddəsinə əsasən “soyqırımı cinayəti, hər hansı milli, etnik, irqi, yaxud dini qrupu tam və ya qismən məhv etmək niyyəti ilə törədilən aşağıdakı əməllərdən biridir:

a) Belə bir qrupun üzvlərinin öldürülməsi; b) belə bir qrupun üzvlərinə ağır bədən xəsarəti və yaxud əqli zərər yetirilməsi; c) hər hansı qrup üçün qəsdən onun tam, yaxud qismən fiziki məhvini nəzərdə tutan həyat şəraiti yaradılması; ç) belə bir qrupda doğumun qarşısını almağa yönəldilmiş tədbirlərin görülməsi; d) uşaqların zorla bir qrupdan başqa qrupa verilməsi. Bu anlayışdan aydın olur ki, “yuxarıda qeyd olunan qeyri-qanuni əməllərdən biri” və “spesifik niyyət” soyqırımı cinayətinin əsas tərkib elementləridir. Xocalı hadisələrində birinci element insanların öldürülməsi, onlara ağır bədən xəsarəti yetirilməsi, habelə törədilmiş digər qeyri-qanuni əməllərdən biridir. Milli, etnik, irqi, yaxud dini qrupu tam və ya qismən məhv etmək xüsusi niyyəti də Xocalı hadisələrində mövcud olmuşdur. Belə ki, çoxsaylı faktlar sübut edir ki, Xocalıda dinc sakinlərin qəsdən qırğını yalnız onlar Azərbaycanlı olduğu üçün onların kütləvi məhv edilməsinə yönəldilmişdir. Bu səbəbdən də Xocalı şəhərində mülki şəxslərin qəsdən məhv edilməsi Ermənistan tərəfindən Azərbaycanlılara qarşı soyqırımı cinayəti kimi tövsif edilməlidir.

 

Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı davam edən təcavüzü zamanı törədilmiş digər cinayətlər, habelə Xocalı soyqırımı Ermənistanın dövlət məsuliyyətini və bu cinayətlərin törədilməsində iştirak edən şəxslərin fərdi cinayət məsuliyyətini müəyyən edir. Bu məsuliyyət beynəlxalq ümumi hüquqdan, xüsusilə də Ermənistan və Azərbaycanın tərəf olduğu yuxarıda qeyd edilmiş Konvensiya və İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın müddəalarından irəli gəlir.

 

Avropa İnsan Hüquqları Məhkəməsi 22 aprel 2010-cu il tarixli qərarı ilə Xocalıda törədilən cinayətlərlə bağlı mühüm nəticəyə gəlmişdir. Məhkəmə Xocalı hadisələrini “xüsusi amansızlıqla törədilmiş müharibə cinayəti və ya insanlıq əleyhinə cinayətə bərabər əməl qismində” tövsif etmişdir. Avropa Məhkəməsinin bu xüsusda gəldiyi aşağıdakı nəticə cinayətin tövsifi və müvafiq məsuliyyətin müəyyən edilməsi məsələsində heç bir şübhə yaratmır:

 

“Müstəqil mənbələrdən alınmış məlumatlar göstərir ki, 25-26 fevral 1992-ci il tarixində Xocalı şəhərinin zəbt edilməsi zamanı şəhərdən qaçmağa çalışan yüzlərlə etnik Azərbaycanlı şəhərə hücum edən erməni döyüşçüləri tərəfindən öldürülmüş, yaralanmış və ya girov götürülmüşdür.” (Avropa İnsan Hüquqları Məhkəməsinin 22 aprel 2010-cu il tarixli qərarı, 87-ci paraqraf).

 

Erməni rəsmiləri faktları saxtalaşdırmaqla və hadisələrə reallıqdan uzaq və adi məntiqə sığmayan şərhlər verməklə münaqişə zamanı törətdikləri cinayətlərə, habelə Xocalı cinayətlərinə görə məsuliyyətdən boyun qaçırırlar. Buna baxmayaraq, ən mahir təbliğat belə Ermənistan tərəfindən irəli sürülən fikirlərə tamamilə əks olan və real vəziyyəti göstərən faktları təkzib etmək iqtidarına malik deyildir.

 

Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarının malik olduğu mühüm məlumatlarla yanaşı, çoxsaylı müstəqil mənbələrin sənədləri və hal şahidlərinin ifadələri də Ermənistanın bu soyqırımı cinayəti ilə bağlı məsuliyyətini sübut edir.

 

Qərb kütləvi informasiya vasitələri Xocalının günahsız sakinlərinin erməni işğalçı qüvvələri tərəfindən hədəf ayırd edilmədən öldürülməsini və digər qəddar əməlləri böyük qorxu və dəhşətlə yaymışlar (daha təfsilatlı məlumat BMT İnsan Hüquqları Komissiyasının E/CN.4/2002/151 sənədindən əldə oluna bilər).

 

Günahını arsızcasına etiraf edərkən Ermənistanın həmin dövrdəki müdafiə naziri, hal-hazırda isə prezidenti olan S.Sarkisyanın sözlərini Britaniya jurnalisti Tomas de Vaal belə sitat gətirmişdir: “Xocalıdan öncə Azərbaycanlılar düşünürdü ki, ermənilər dinc mülki əhaliyə qarşı əl qaldıra bilməyən millətdir. Biz isə bu stereotipi qıra bildik.” (Thomas de Waal, Black Garden: Armenia and Azerbaijan through Peace and War (New York and London, New York University Press, 2003), səh. 172)).

 

Markar Melkoniyan adlı müəllif öz kitabında “bəzi Xocalı sakinlərinin təxminən 6 mil uzağa qaçmağa nail olduğunu, lakin erməni əsgərlərinin onları qətlə yetirdiyini” ifadə etmişdir. Müəllif daha sonra əsgərlərin “uzun müddət saxladıqları bıçaqlarla insanları öldürməyə başladıqlarını” qeyd etmişdir (My Brother’s Road: An American’s Fateful Journey to Armenia (London and New York, I. B. Tauris, 2005), səh. 213-214).

 

1992-ci il tarixində Human Rights Watch/Helsinki qeyri-hökumət təşkilatının hesabatında Xocalı hadisələrinə istinadın Ermənistan tərəfinin kobud şəkildə yanlış təfsir etməsinə cavab olaraq, sözügedən QHT-nin İcraçı direktoru Ermənistan Respublikasının xarici işlər nazirinə 24 mart 1997-ci ildə məktub ünvanlamış və qeyd etmişdir ki: “Mülki şəxslərin ölümü ilə bağlı birbaşa məsuliyyət Qarabağdakı Ermənistan qüvvələrinin üzərinə düşür. Həqiqətən də nə bizim hesabat, nə də həmin xatirələr Azərbaycan qüvvələrinin uçuşa mane olması və ya Azərbaycanlı mülki əhaliyə qarşı atəş açması arqumentini dəstəkləyən dəlilə malik deyildir” (sözügedən məktub http://www.hrw.org/news/1997/03/23/response-armenian-government-letter-town-khojaly-nagorno-karabakh internet səhifəsindən əldə edilə bilər).

 

Ermənistan tərəfindən Azərbaycana qarşı başlanan müharibənin səbəb və nəticələrinin ümumi qiymətləndirilməsi Xocalıda dinc sakinlər və şəhərin müdafiəçilərinə qarşı qəsdən törədilmiş qırğının təsadüfi və ayrıca bir əməl olmadığını, Ermənistanın geniş yayılmış və sistemli vəhşiliklər siyasətinin və təcrübəsinin bir hissəsi olduğunu aydın şəkildə sübut edir. Bu siyasətin əsasında irqi və etnik ayrı-seçkilik, düşmənçilik və nifrət dayanır. Eyni zamanda qeyd edilməlidir ki, Xocalı soyqırımı və Azərbaycanlılara qarşı münaqişə zamanı törədilmiş digər cinayətlər özünü həmişə “əbədi qurban” kimi təsvir edən erməni mifini də məhv etmiş oldu.

 

20 ildən artıq müddətdir ki, Azərbaycan Xocalı faciəsinin reallıqlarının dünya ictimaiyyətinə çatdırılması və hadisələrin soyqırımı cinayəti kimi qəbul edilməsi üçün sistemli fəaliyyət göstərir. Son illər ərzində “Xocalıya ədalət” kampaniyasının bir hissəsi kimi müxtəlif vətəndaş cəmiyyəti müəssisələri, gənclər və diaspor təşkilatları Hökumət qurumları ilə birlikdə bu sahədə faydalı fəaliyyət göstərirlər. Yalan və saxtakarlıqlar üzərində qurulmuş erməni təbliğat maşınının əsl siması artıq ifşa edilmiş, Xocalı həqiqətləri barədə beynəlxalq ictimai fikir formalaşmağa başlamışdır. İslam Əməkdaşlıq Təşkilatının Parlament İttifaqı Xocalı hadisələrini “insanlığa qarşı kütləvi cinayət” kimi qiymətləndirmiş və üzv-dövlətləri faciəyə müvafiq siyasi və hüquqi qiymət verməyə çağırmışdır. Eyni zamanda, bu faciə 7 ölkənin parlamenti və ABŞ-ın 17 ştatı tərəfindən insanlığa qarşı cinayət və soyqırımı cinayəti kimi tanınmışdır.

 

Azərbaycan Respublikası etnik və dini zəmində törədilmiş hər hansı ayrı-seçkilik və düşmənçilik əməlin törədilmə yerindən asılı olmayaraq insanlığa qarşı cinayət kimi qiymətləndirir. Azərbaycan Respublikası Hökuməti Xocalı soyqırımına və Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal olunmasına obyektiv qiymət verilməsi, habelə tarixi və hüquqi ədalətin bərpa olunması istiqamətində fəaliyyət göstərir. Ədalət olmadan uzunmüddətli və davamlı sülh ola bilməz. Bu, beynəlxalq humanitar hüquq və beynəlxalq insan hüquqları hüququ normalarının pozulmasına cavabdeh olan şəxslərin məsuliyyətə cəlb olunması ilə bağlı dövlətlərin öz öhdəliklərinə ardıcıl şəkildə bağlılığını tələb edir.

 

Azərbaycan Respublikası Hökuməti hesab edir ki, milli səviyyədə həyata keçirilmiş ardıcıl tədbirlər, habelə ən ağır beynəlxalq cinayətlərin təqibi və cəzalandırılması üzrə mövcud qanunvericilik Xocalı cinayətlərinə və Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü zamanı törədilmiş digər ağır cinayətlərə münasibətdə cəzasızlığa son qoyulmasına xidmət edəcəkdir. Cəzasızlığa son qoyulması təkcə ağır cinayətlərə görə fərdi cinayət məsuliyyətinin müəyyən edilməsi məqsədilə deyil, habelə sülh, həqiqət və qurbanların hüquqlarının təmin edilməsi baxımından da vacibdir.

 

 

 

Tallinn, 26 fevral 2016

 

 

 

 

Arxiv üzrə axtarış