Ümumvətəndaş pasportu
Azərbaycan Respublikası vətəndaşının pasportu Azərbaycan Respublikasının ərazisindən kənarda vətəndaşın şəxsiyyətini təsdiq edən, habelə ona ölkədən getmək və ölkəyə gəlmək hüququnun həyata keçirilməsi üçün verilən vahid sənəddir.
Hər bir vətəndaş pasportu möhkəm saxlamağa borcludur. Pasport itdikdə vətəndaş pasport verən dövlət orqanlarına, belə hadisə xaricdə baş verərsə, Azərbaycan Respublikasının diplomatik nümayəndəliyinə və ya konsulluğuna dərhal məlumat verməlidir. Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya konsulluqları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı ilə birlikdə belə vətəndaşları qısa müddət ərzində Azərbaycan Respublikasına qayıtmaq hüququ verən sənədlə təmin edirlər.
Vətəndaş öldükdə onun pasportu, habelə etibarlılıq müddəti qurtarmış pasport müvafiq dövlət orqanına təhvil verilir.
Ümumvətəndaş pasportunun verilməsi və dəyişdirilməsi
Azərbaycan Respublikasının ümumvətəndaş pasportu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ümumvətəndaş pasportu verən yerli orqanları tərəfindən "Pasportlar haqqında" Azərbaycan Respublikasının Qanunu və Qanunun tətbiqi barədə Əsasnamə ilə müəyyən edilmiş qaydada verilir.
Ümumvətəndaş pasportu 1 yaşınadək uşaqlar üçün bir illik müddətə, 1 yaşından 3 yaşınadək uşaqlar üçün üç illik müddətə, 3 yaşından 18 yaşınadək uşaqlar üçün beş illik müddətə, 18 yaşına çatmış şəxslər üçün isə on illik müddətə verilir.
Ümumvətəndaş pasportun verilməsi üçün vətəndaşdan aşağıdakı sənədlər tələb olunur:
- Ərizə-anket (18-yaşı-tamam-olmuş.pdf ) (18-yashı-tamam-olmamış.pdf );
- Vətəndaşın şəxsiyyət vəsiqəsi və ya pasportu;
- 18 yaşı tamam olmamış vətəndaşa ilk dəfə pasport verildikdə, doğum haqqında şəhadətnamə və qan qrupu haqqında tibbi arayış;
- 18 yaşı tamam olmamış uşaqların valideynlərinin və ya qanuni nümayəndələrinin razılığı (Nümunə), həmçinin müraciət edən valideynlərin və ya qanuni nümayəndələrin şəxsiyyət vəsiqələri və ya pasportları;
- 18-30 yaş hədlərində hərbi mükəlləfiyyətdən azad edilmə barədə hərbi biletin və ya möhlət hüququnun verilməsi qeydi ilə bağlı çağırış məntəqəsinə təhkim edilmə haqqında vəsiqənin əsli;
- Pasportların alınması məqsədilə səfirlikdə və ya konsulluqda tərtib edilib göndərilməsinə görə dövlət rüsumunun ödənilməsi haqqında sənəd - 25 ABŞ dolları.
Bank hesabı
Embassy of the Republic of Azerbaijan in the Republic of Estonia
Bank: Luminor Bank AS
Account nr: 17003229185
IBAN: EE281700017003229185
Swift code: NDEAEE2X
Pasportun itirilməsi və ya oğurlanması
Pasportunu itirdiyini bildirən pasport sahibi və ya onun qanuni nümayəndəsi həmin pasportu taparsa və ya itirilmiş pasport yeni pasport verildikdən sonra tapılarsa, tapılmış pasport dərhal pasportu verən orqana təhvil verilməlidir.
Pasport oğurlandıqda, pasport sahibi və ya onun qanuni nümayəndəsi cinayət baş verdiyi yerin polis orqanına bu barədə yazılı müraciət etməlidir. Belə ərizənin qəbul olunması haqqında həmin şəxsə arayış verilir və bu arayış oğurlanmış pasportun qüvvədən düşməsi barədə Qüvvədən düşmüş sənədlərin dövlət reyestrində müvafiq qeydiyyatın aparılması və bunun əsasında pasport sahibinin və ya onun qanuni nümayəndəsinin müraciəti ilə yeni pasportun verilməsi üçün əsas götürülür.