2023-07-01

Estoniyanın xarici işlər naziri cənab Marqus Tsaxna cari ilin 30 iyun tarixində Azərbaycan Respublikasının bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Anar Məhərrəmovu qəbul etdi.

Görüşün baş tutmasına görə təşəkkürünü bildirən səfir A.Məhərrəmov Azərbaycan Respublikası xarici işlər naziri cənab Ceyhun Bayramovun səmimi salamlarını Estoniyanın xarici işlər naziri cənab Marqus Tsaxnaya çatdırdı.

Estoniyanın xarici işlər naziri cənab Marqus Tsaxna səmimi salamlarına görə  Azərbaycan Respublikası xarici işlər naziri cənab Ceyhun Bayramova təşəkkürünü bildirərək, onun da səmimi salamlarını cənab Nazirə çatdırmağı xahiş etdi.

Estoniya xarici siyasət prioritetinin 24 fevral 2022-ci il tarixindən etibarən Ukrayna məsələsinin olduğunu bildirən cənab Nazir, ölkəsinin hər cür vasitə ilə Ukraynaya dəstək göstərdiyini xüsusi qeyd etdi.

Ukraynanın bu ədalətsiz müharibədə qalib gəlməsi üçün bütün ölkələrin səylərinin birləşdirilməsinin vacib olduğunu qeyd edən Nazir, ölkəsinin bu istiqamətdə atdığı addımlar barədə məlumat verdi.

Nazir, Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımlar haqqında məlumatlı olduğunu bildirərək, bunu çox yüksək qiymətləndirdi.

Səfir A.Məhərrəmov ölkəmizin Ukraynaya göstərdiyi yardımların miqyası barədə ətraflı məlumat verərək, cari ilin 21-22 iyun tarixlərində İngiltərənin paytaxtı Londonda keçirilən “Ukraynanın Bərpası Konfransı”nda (Ukraine Recovery Conference) Azərbaycan Respublikası xarici işlər naziri cənab Ceyhun Bayramovun iştirakının bu dəstəyin növbəti təzahürü olduğunu qeyd etdi.  

İkitərəfli münasibətlər haqqında danışan səfir A.Məhərrəmov, əlaqələrin uğurla inkişaf etdiyini, son dövr ərzində ticarət dövriyyəsinin artdığını bildirdi.

Nazir verilən məlumata görə təşəkkürünü bildirərək, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması üzrə danışıqlar prosesi, sülh müqaviləsinin imzalanması perspektivləri barədə maraqlandı.

Cavab olaraq, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanılması istiqamətində danışıqlar prosesinin davam etdirildiyi və növbəti belə bir görüşün Amerika Birləşmiş Ştatlarının vasitəçiliyi ilə cari ilin 27-29 iyun tarixlərində xarici işlər nazirləri səviyyəsində Vaşinqtonda baş tutduğu bildirildi.

Əlavə olaraq qeyd olunmuşdur ki, Azərbaycanın bu danışıqlarda mövqeyi bəllidir və ölkəmiz Cənubi Qafqaz regionunda davamlı sülhün bərqərar olunması məqsədilə tezliklə sülh müqaviləsinin bağlanılmasının, regionda nəqliyyat-kommunikasiya xətlərinin açılmasının tərəfdarıdır. Bu baxımdan vurğulanmışdır ki, Azərbaycan tərəfi, Avropa İttifaqı Şurasının prezidenti cənab Şarl Mişelin bu istiqamətdəki təşəbbüslərini yüksək qiymətləndirir, eyni zamanda bəzi hallarda bu prosesə maneə törətmək istəyən qüvvələr tərəfindən gərəksiz “səy göstərilməsini” qəbul etmir.

Daha sonra Azərbaycanın Avropanın enerji təhlükəsizliyi sistemindəki artan rolundan bəhs edən səfir A.Məhərrəmov qeyd etmişdir ki, hazırda ölkəmiz Cənub Qaz Dəhlizi vasitəsilə Avropanın 6 ölkəsinə qaz ixrac edir və  Avropa İttifaqı ilə yenilənmiş strateji enerji tərəfdaşlığına uyğun olaraq  Azərbaycandan Avropa ölkələrinə əlavə qaz tədarükünün mənbələrindən biri də məhz “yaşıl enerji”dir.

Cənab Nazir M.Tsaxna səfir tərəfindən təqdim olunan ətraflı məlumata görə təşəkkürünü bildirdi.

Səfir A.Məhərrəmov qəbula görə cənab Nazir M.Tsaxnaya təşəkkürünü ifadə etdi.

Arxiv üzrə axtarış