Estoniyada Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunub
Estoniyada Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunub
Estoniyada 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş bayram tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Estoniyadakı Səfirliyi və Tallin şəhərində fəaliyyət göstərən Azərbaycan Evinin birgə təşkilatçılığı ilə reallaşıb.
Azərbaycanın Estoniyadakı Səfiri Anar Məhərrəmov tədbirdə açılış nitqi ilə çıxış edərək, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün mahiyyəti və əhəmiyyəti barədə ətraflı məlumat verib və həmçinin qarşıdan gələn yeni il münasibətilə tədbir iştirakçılarını təbrik edib.
Səfir dünya Azərbaycanlılarının birliyinə hər zaman böyük önəm verən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müdrik təşəbbüsü ilə 31 dekabr tarixinin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi elan edildiyini və məhz Ulu Öndərin sayəsində xarici ölkələrdəki Azərbaycan diasporu ilə işin dövlət siyasətinin tərkib hissəsinə çevrildiyini vurğulayıb. Bu siyasətin hal-hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib.
Tədbirin davamı olaraq, Azərbaycanlı gənc musiqiçilər tərəfindən 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edilmiş musiqi parçaları səsləndirilib. Tədbirin sonunda, Azərbaycan milli mətbəx nemətləri qonaqlara ikram olunub.
Tədbirdə, həmçinin Türkiyənin Estoniyadakı Səfirliyinin əməkdaşları, Estoniyadakı Azərbaycan icmasının nümayəndələri, Estoniyada təhsil alan azərbaycanlı tələbələr, Estoniya ictimaiyyətinin və kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak ediblər.
https://azertag.az/xeber/1962476