Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin nazir Ceyhun Bayramovun Estoniya xarici işlər naziri Eva-Mariya Liimets ilə görüşünə dair məlumatı
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin nazir Ceyhun Bayramovun Estoniya xarici işlər naziri Eva-Mariya Liimets ilə görüşünə dair məlumatı
2 dekabr 2021-ci il tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının Stokholmda keçirilən 28-ci iclasında iştirakı çərçivəsində Estoniya Respublikasının xarici işlər naziri Eva-Mariya Liimets ilə görüşüb.
Görüşdə nazir Ceyhun Bayramov üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, o cümlədən regionda nəqliyyat kommunikasiyaların açılması ilə bağlı Azərbaycan tərəfindən görülən tədbirlər barədə qarşı tərəfə məlumat verib. O, beynəlxalq hüququn prinsiplərinə, xüsusilə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığına hörmət əsasında Ermənistanla münasibətlərin normallaşmasının mümkün olduğunu vurğulayıb.
Görüşdə Azərbaycan ilə Estoniya arasında ikitərəfli əsasda və bir sıra beynəlxalq platformalarda, habelə Avropa İttifaqı çərçivəsində səmərəli əməkdaşlığın olduğu qeyd edilib. Tərəflər, ölkələrimiz arasında siyasi dialoqun davamlılığı, iqtisadi-ticarət sahələrində mövcud potensiala uyğun olaraq əlaqələrin inkişafının vacibliyi, o cümlədən ölkələrimiz arasında iqtisadi, yaşıl enerji, yüksək texnologiyalar, təhsil, humanitar və digər sahələrdə ikitərəfli münasibətlərin daha da genişləndirilməsinə dair fikir mübadiləsi aparıblar.
Görüşdə, o cümlədən Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı barədə fikir mübadiləsi aparılıb. Tərəflər, bu xüsusda Şərq Tərəfdaşlığı Sammitinə hazırlıq məsələlərini müzakirə ediblər.
Qarşı tərəf Şərq Tərəfdaşlığı çərçivəsində əməkdaşlığın, daha da genişləndirilməsi və dərinləşdirilməsinin böyük əhəmiyyətini vurğulayıb.
Görüşdə tərəflər, habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.