2021-09-25

Tallində 44 günlük Vətən müharibəsində həlak olan şəhidlərimizin xatirəsi anılıb

Azərbaycanın Estoniyadakı səfirliyində 27 sentyabr–Anım Gününə həsr olunmuş tədbir keçirilib.

Səfirlikdən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə Estoniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü İqor Kravçenko, Türkiyənin Estoniyadakı səfirliyinin əməkdaşları, Estoniyadakı Azərbaycan icmasının nümayəndələri, Estoniya ictimaiyyətinin təmsilçiləri iştirak ediblər.

Tədbirdə əvvəlcə 44 günlük Vətən müharibəsində şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycanın Estoniyadakı səfiri Anar Məhərrəmov tədbiri açaraq 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq, təmas xətti boyunca Azərbaycanın mövqelərini iriçaplı silahlar, minaatanlar və müxtəlif növ artilleriya qurğularından atəşə tutduğunu, ölkəmizə qarşı növbəti hərbi təcavüzə əl atdığını bildirib.

Səfir Ermənistanın hərbi təxribatlarına cavab olaraq və mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmri ilə Azərbaycan Ordusunun dərhal bütün cəbhə boyu əks-hücum əməliyyatlarına başladığını qeyd edib. A.Məhərrəmov 44 gün davam edən Vətən müharibəsində müzəffər Ordumuzun əzəli Azərbaycan torpaqlarını erməni işğalçılarından azad edərək tarixi və şanlı Qələbəyə imza atdığını xüsusi vurğulayıb.

Diplomat tədbir iştirakçılarına Azərbaycanın işğaldan azad olunmuş ərazilərində bütün evlərin və infrastrukturun ermənilər tərəfindən dağıdıldığı, Ermənistan tərəfindən həyata keçirilən etnik təmizləmə, urbisid və ekosid siyasəti barədə ətraflı məlumat verib.

Vətən müharibəsinin ilk anlarından Türkiyənin daimi əsasda göstərdiyi mənəvi dəstəyin qardaşlıq rəmzi olduğu və bu münasibətlərin tarixi köklərə əsaslandığı qeyd edilib. Həmçinin işğaldan azad olunmuş ərazilərdə yenidənqurma işlərinin həyata keçirildiyini, infrastrukturun bərpası ilə bağlı tədbirlərin görüldüyü, yeni yolların və hava limanlarının inşa olunduğu, eləcə də Füzuli Beynəlxalq Hava Limanının artıq istifadəyə verildiyi diqqətə çatdırılıb.

Səfir, eyni zamanda, Azərbaycan-Ermənistan sərhədində delimitasiya və demarkasiya işlərinin tez bir zamanda tamamlanması məqsədilə Ermənistan tərəfinin konstruktiv dialoqa başlamasının vacibliyini qeyd edib. Nəqliyyat və kommunikasiya xətlərinin ən qısa zamanda açılmasının yalnız Ermənistana deyil, ümumilikdə bütün regionun inkişafına müsbət təsir göstərəcəyi vurğulanıb.

Türkiyənin Estoniyadakı səfiri Süleyman İnan Özyıldız çıxışında Azərbaycanın öz torpaqlarını erməni işğalından azad etməsinin əhəmiyyətinə toxunub. Səfir bildirib ki, Türkiyə dövləti və xalqı qardaş Azərbaycanın öz ərazilərini azad etməsinə ürəkdən sevinir. O, həmçinin işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı dağıntıların törədildiyini, onların Azərbaycan tərəfindən tezliklə bərpa ediləcəyinə ümidvar olduğunu qeyd edib. Eyni zamanda, diplomat Türkiyənin daim qardaş Azərbaycanın yanında olduğunu vurğulayıb.

Sonra tədbir iştirakçıları səfirlikdə şəhidlərin xatirəsinə yaradılmış “Şəhidlər guşəsi”nin önünə gül dəstələri düzüblər.

Daha sonra tanınmış eston skripka ifaçısı xanım Mari-Lis Uibo tərəfindən Anım Gününə həsr edilən musiqi parçaları ifa olunub.

Tədbirin yekununda Anım Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Arxiv üzrə axtarış