2018-10-11

Tallin şəhərində Azərbaycan Respublikası və Estoniya Respublikasının 100 illiyi münasibəti ilə park açılmışdır

11 oktyabr 2018-ci il tarixində Estoniyanın paytaxtı Tallin şəhərində Azərbaycan Respublikası və Estoniya Respublikasının 100 illiyi münasibətilə, iki xalq arasında tarixi əlaqələrin və Bakı şəhərinin Suraxanı və Tallin şəhərinin Kristiyne rayonları arasında dostluğun simvolu olaraq parkın təntənəli rəsmi açılış mərasimi olmuşdur.

Parkın girişində lövhə üzərində Ümummilli Liderimiz Heydər Əliyevlə Estoniyanın Prezidenti Lennart Meri arasında 1995-ci ildə Nyu-York şəhərində keçirilmiş görüşün foto şəkili, Azərbaycan, Eston və İngilis dillərində Azərbaycan Respublikası, o cümlədən Bakı şəhəri haqqında məlumat yerləşdirilmişdir. Eyni zamanda, parkdakı fontanın ətrafında  Azərbaycan Respublikası və Estoniya Respublikası, həmçinin Bakının Suraxanı və Tallinin Kristiyne rayonlarının dostluq münasibətlərini tərənnüm edən Azərbaycan milli ornamentlərinin əks olunduğu daş döşəmə yerləşdirilmişdir.

Parkın açılış mərasimində Azərbaycan Respublikasının Estoniya Respublikasında Fövqəladə və səlahiyyətli səfiri cənab Murad Nəcəfbəyli, Bakı şəhər Suraxanı rayonu icra hakimiyyətinin başçısı cənab İlqar Abbasov, Azərbaycan-Estoniya Parlamentlərarası işçi qrupunun rəhbəri cənab Hacı Salayev, Estoniya Azərbaycan mədəniyyət mərkəzinin sədri cənab Niyazi Hacıyev, Estoniya Parlamentinin Azərbaycan ilə parlamentlərarası əlaqələr üzrə qrupunun sədri cənab Mixayıl Korb, Tallin şəhərinin Vitse meri cənab Andrey Novikov, Tallin şəhərinin Kristiyne rayonunun başçısı cənab Yaanus Riybe, Estoniya ictimaiyyətinin və Estoniyadakı Azərbaycan diasporunun nümayəndələri iştirak etmişlər.

Açılış mərasimində çıxış edən Səfir Murad Nəcəfbəyli, iki ölkə arasındakı siyasi, iqtisadi, humanitar və mədəni əlaqələrdən bəhs etmiş, Estoniyanın paytaxtı Tallin şəhərində Azərbaycan-Estoniya parkının salınmasının əlamətdar hadisə olduğunu bildirmişdir. Bünövrəsi Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən ölkəmizin xarici siyasətində Estoniya ilə münasibətlərə əhəmiyyətli yer verildiyini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.

Suraxanı rayonu icra hakimiyyətinin başçısı cənab İlqar Abbasov 2008-ci ildə Suraxanı rayonu ilə Kristiyne rayonu arasında imzalanmış əməkdaşlıq Memorandumunu qeyd edərək, iki rayon arasında sıx əlaqələrin mövcudluğunu bildirmiş və Tallin şəhərində Azərbaycan-Estoniya parkının açılmasının mühüm hadisə olduğunu vurğulamışdır.

Milli Məclisin deputatı cənab Hacı Salayev iki ölkə Parlamentləri arasında dostluq əlaqələrinin yüksək səviyyədə olduğunu, Azərbaycan Respublikası və Estoniya Respublikasının 100 illiyi münasibətilə parkın açılmasının bu əlaqələrin yüksələn xətlə inkişafının təzahürü olduğunu bildirmişdir.

Arxiv üzrə axtarış