2016-cı ilin 26 fevral tarixində,“Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində Səfirlik tərəfindən Xocalı soyqırımının 24-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
Azərbaycan Respublikasının
Estoniya Respublikasındakı Səfirliyi
Məlumat-relizi
2016-cı ilin 26 fevral tarixində, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində Səfirlik tərəfindən Xocalı soyqırımının 24-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə Estoniyanın ictimai xadimləri, media nümayəndələri, Tallin və Tartu şəhərlərində ali təhsil alan Azərbaycanlı və xarici tələbələr, Estoniyanın Diplomatiya Məktəbinin nümayəndələri, Azərbaycan icmasının təmsilçiləri, Səfirliyin heyəti və ailə üzvləri iştirak etmişlər.
Tədbirin əvvəlində Xocalı Soyqırımının qurbanlarının xatirəsi bir-dəqiqəlik sükut ilə yad edilmişdir.
Daha sonra, tədbir iştirakçılarına Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi, səbəbləri və nəticələri barədə məlumat verilmiş, 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Xocalı şəhərində baş vermiş faciə ilə bağlı ətraflı «PowerPoint» təqdimat keçirilmiş və bu faciənin Azərbaycan xalqına qarşı soyqırım aktı kimi tanınması üçün “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası barədə ətraflı məlumat verilmişdir.
Tədbir zamanı münaqişənin BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş dörd qətnaməsi və ATƏT-in Lissabon Sammitinin prinsipləri, ölkə suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı əsasında həlli yollarını özündə ehtiva edən 2009 və 2010-cu illərdə qəbul edilmiş Azərbaycan və Estoniya prezidentlərinin birgə bəyannamələrində əksini tapmış Estoniyanın prinsipial mövqeyi bir daha qeyd olunmuşdur.
Tədbirin davamında “İrəli” ictimai birliyi tərəfindən çəkilmiş “Böyüməyən uşaqlar” sənədli film nümayiş etdirilmişdir.
İştirakçılar arasında Azərbaycanın işğal olunmuş ərazilərindən olan Estoniyada yaşayan həmvətənlərimiz münaqişə nəticəsində yaşadıqları acı xatirələrilə bölüşmüş və Azərbaycan prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində münaqişənin tezliklə ilə həlli və Azərbaycanlıların öz doğma yurdlarına qayıdacaqlarına əminliklərini bildirmişlər.
Tədbir Xocalı Soyqırımına həsr olunmuş foto sərgi ilə davam etmişdir.