Tallində "Azərbaycan diqqət mərkəzində - yeni biznes fürsətləri” adlı beynəlxalq biznes-forum keçirilib.
Estoniyanın paytaxtı Tallində “Caspian Energy Club”ın rəsmi tərəfdaşlığı ilə həyata keçirilən "LEF Network Azerbaijan" layihəsi çərçivəsində Azərbaycan, Latviya, Estoniya və Finlandiya arasında biznes əlaqələrinin inkişafına həsr olunmuş "Azərbaycan diqqət mərkəzində - yeni biznes fürsətləri” adlı beynəlxalq biznes-forum keçirilib. İşgüzar dairələrin, dövlət qurumlarının, Mərkəzi Baltikyanı regionunun aparıcı iqtisadi və diplomatik institutlarının iştirakı ilə baş tutmuş tədbir çərçivəsində regional əməkdaşlığın gələcək inkişafı müzakirə edilib.
Tədbir Estoniyanın Ticarət və Sənaye Palatasının baş direktoru Mait Paltsın açılış nitqi ilə işinə başlayıb. Daha sonra Estoniya İqtisadiyyat və Kommunikasiya Nazirliyinin Baş katibi Ahti Kuninqas, Azərbaycanın Estoniyadakı fövqəladə və səlahiyyətli səfiri Anar Məhərrəmov və Estoniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vayno Reynart çıxış edərək regional iqtisadi inteqrasiyanın əhəmiyyətini, tərəfdaş ölkələrin qarşılıqlı maraqlarını və gələcək əməkdaşlıq üçün mövcud imkanları dəyərləndiriblər.
Daha sonra “Caspian Energy Club Europe”un sədri Rasim Mahmudov “Azərbaycan iqtisadiyyatı rəqəmlərdə” mövzusunda əsas məruzə ilə çıxış edərək ölkənin makroiqtisadi göstəricilərini, son illərdə formalaşan dayanıqlı iqtisadi dinamikanı, əlverişli investisiya mühitini və qeyri-neft sektorunda genişlənən potensialı dinləyicilərin nəzərinə çatdırıb. O, həmçinin “Caspian Energy Club”ın fəaliyyəti, təqdim etdiyi imkanlar, sahibkarlara müxtəlif ölkələrin şirkətlərinin Azərbaycanda tərəfdaş tapması, bazara daxil olması və korporativ əlaqələr qurması üçün yaratdığı geniş imkanlar haqqında ətraflı məlumat verib.
Latviya Ticarət və Sənaye Palatasının Avropa İttifaqı Layihələri departamentinin direktoru Liqa Sıçeva “LEF Network Azerbaijan” layihəsinin nəticələrini nümayiş etdirərək Azərbaycan, Latviya, Estoniya və Finlandiya biznesləri arasında əməkdaşlığı gücləndirməyə yönəlmiş təşəbbüslərin uğurlarını, şirkətlərarası inteqrasiyanın dinamik artımını əks etdirən xüsusi videonu iştirakçıların diqqətinə çatdırıb.
Mərkəzi Baltik ölkələri və Azərbaycan arasında yeni biznes imkanlarına həsr olunan ilk panel əsnasında Azərbaycan-Baltik biznes münasibətlərinin inkişaf perspektivləri, ticarət dövriyyəsinin artırılması üçün yeni sahələr, startap ekosistemi daxilində tərəfdaşlıq formatları və mövcud uğurlu layihələr müzakirə edilib.
“Süni intellektin beynəlxalq əməkdaşlığın artırılmasındakı rolu” mövzusunda keçirilən ikinci paneldə iştirakçılar süni intellekt texnologiyalarının dövlət idarəetməsində, sənayedə, startap mühitində və biznes proseslərində yaratdığı geniş və transformativ imkanları vurğulayıblar.
Forum iştirakçıların qarşılıqlı maraq doğuran mövzular ətrafında apardıqları geniş müzakirələrlə tamamlanıb.
Xatırladaq ki, “Caspian Energy Club International” “European Union Central Baltic” proqramı çərçivəsində yaradılmış “LEF Network Azerbaijan” layihəsinin rəsmi tərəfdaşı seçilib. Üçillik “LEF Network Azerbaijan” layihəsi Azərbaycan, Latviya, Estoniya və Finlandiya arasında iqtisadi əməkdaşlığın inkişafına yönəlib. 2023-cü ildən başlayan layihə 3 il ərzində yaşıl texnologiyalar, informasiya texnologiyaları və təhsil sektorlarında fəaliyyət göstərən şirkətlərə dəstək verəcək. Bu layihə çərçivəsində 36 ay ərzində Finlandiya, Estoniya, Latviya və Azərbaycan şirkətləri arasında İKT, yaşıl texnologiyalar və təhsil sahəsində müqavilələrin imzalanması planlaşdırılır. Layihənin aparıcı tərəfdaşları Latviya Ticarət və Sənaye Palatası, Estoniya Ticarət və Sənaye Palatası və Finlandiyanın Satakunta Tətbiqi Elmlər Universitetidir.