İkitərəfli münasibətlərin yaranması
Azərbaycan Respublikası Estoniya Respublikasının müstəqilliyini 06 dekabr 1991-ci ildə tanımışdır. Estoniya Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 20 fevral 1992-ci ildə tanımışdır. Ölkələr arasında diplomatik münasibətlər 20 aprel 1992-ci ildə qurulmuşdur.
Səfirliklərin fəaliyyəti
Azərbaycan Respublikasının 30 sentyabr 2009-cu il tarixli Qanununa əsasən, Azərbaycan Respublikasının Estoniya Respublikasında (Tallin şəhərində) Səfirliyi təsis edilmişdir. Azərbaycan Respublikasının Estoniya Respublikasındakı Səfirliyi 2010-cu ilin sonunda fəaliyyətə başlamışdır.
2005-ci il 22 fevral tarixində Estoniya Respublikasının Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri Azərbaycan Respublikasında da akkreditə olunmuşdur. 2014-cü il 26 avqust tarixində Estoniya Respublikası Azərbaycan Respublikasında diplomatik ofisini açmışdır.
Azərbaycan Respublikası Prezidentinin 26 iyul 2021-ci il tarixli Sərəncamına əsasən, Anar Abel oğlu Məhərrəmov Azərbaycan Respublikasının Estoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdir (Etimadnamə Estoniya Respublikasının Prezidentinə 2021-ci il 26 avqust tarixində təqdim edilmişdir).
Siyasi sahədə əlaqələr
Azərbaycan ilə Estoniya arasında siyasi sahədə münasibətlər yüksələn xətt üzrə inkişaf edir. İki ölkə arasında siyasi dialoqun davamlı şəkildə aparılması məqsədilə dövlət başçıları, hökumət və parlament rəhbərləri, habelə ölkələrin digər rəsmiləri səviyyəsində mütəmadi qarşılıqlı səfərlərin və görüşlərin keçirilməsi mühüm əhəmiyyət kəsb edir.
Dövlət başçılarının qarşılıqlı səfərləri
Azərbaycana
- 12-15 yanvar 2009-cu il, Prezident Toomas Hendrik İlves, rəsmi səfər.
Estoniyaya
- 06-08 aprel 2010-cu il, Prezident İlham Əliyev, dövlət səfəri.
Baş nazirlərin qarşılıqlı səfərləri
Azərbaycana
- 13-14 noyabr 2008-ci il, Baş nazir Andrus Ansip, işgüzar səfər.
Parlamentin sədri və sədr müavinlərinin qarşılıqlı səfərləri
Azərbaycana
- 18-19 iyun 2007-ci il, sədr müavini Kristiina Oyuland, işgüzar səfər;
- 31 mart - 03 aprel 2008-ci il, sədr müavini Kristiina Oyuland, rəsmi səfər;
- 18-20 iyun 2008-ci il, sədr müavini Kristiina Oyuland, işgüzar səfər;
- 28 iyun - 01 iyul 2012-ci il, sədr Ene Erqma, rəsmi səfər;
- 23-24 oktyabr 2018-ci il, sədr müavini Kalle Laanet, rəsmi səfər;
- 22-26 may 2022-ci il, sədr Yüri Ratas, rəsmi səfər.
Estoniyaya
- 05-06 iyun 2006-cı il, sədr Oqtay Əsədov, işgüzar səfər;
- 06-08 fevral 2022-ci il, sədr Sahibə Qafarova, rəsmi səfər.
Xarici işlər nazirlərinin qarşılıqlı səfərləri
Azərbaycana
- 14-16 fevral 1996-cı il, nazir Siim Kallas;
- 01-03 mart 2000-ci il, nazir, Toomas Hendrik İlves;
- 12 iyun 2004-cü il, nazir Kristiina Oyuland;
- 29-30 oktyabr 2007-ci il, nazir Urmas Paet;
- 12 iyun 2017-ci il, nazir Sven Mikser;
- 01 dekabr 2017-ci il, nazir Sven Mikser;
- 21-22 oktyabr 2025-ci il, nazir Marqus Tsaxna.
Estoniyaya
- 24-25 aprel 2008-ci il, nazir Elmar Məmmədyarov.
BMT Baş Assambleyasının 77-ci, 79-cu və 80-ci sessiyalarının yüksək səviyyəli həftəsi çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun öz həmkarı ilə görüşləri baş tutmuşdur.
İqtisadi sahədə əlaqələr
Azərbaycan Respublikası Prezidentinin 21 noyabr 2011-ci il tarixli Sərəncamına əsasən, Azərbaycan Respublikası Hökuməti və Estoniya Respublikası Hökuməti arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi təsdiq edilmişdir. Komissiyanın Azərbaycan tərəfindən həmsədri rəqəmsal inkişaf və nəqliyyat naziridir. Komissiyanın Estoniya tərəfindən tərkibi, o cümlədən Komissiyanın həmsədri iclas ərəfəsində müəyyən edilir. 2012-ci il 28 iyun tarixində Bakı şəhərində Komissiyanın birinci iclası keçirilmişdir. 2014-cü il 29-30 sentyabr tarixlərində Tallin şəhərində Komissiyanın ikinci iclası keçirilmişdir. 2017-ci il 07 aprel tarixində Bakı şəhərində Komissiyanın üçüncü iclası keçirilmişdir.
01 mart 2023-cü il tarixində “LEF Network Azerbaijan” layihəsi fəaliyyətə başlamışdır. Üçillik layihə Azərbaycan, Latviya, Estoniya və Finlandiya arasında iqtisadi əməkdaşlığın inkişafına yönəlmişdir. Bu layihə çərçivəsində 36 ay ərzində Finlandiya, Estoniya, Latviya və Azərbaycan şirkətləri arasında İKT, yaşıl texnologiyalar və təhsil sahəsində müqavilələr imzalanmışdır.
2025-ci il 21 oktyabr tarixində "LEF Network Azerbaijan" layihəsi çərçivəsində Bakı şəhərində “Central Baltic – Azerbaijan Business Forum”u keçirilmişdir. Görüşlərdə Latviya, Estoniya və Finlandiyadan müxtəlif texnoloji sənayeləri təmsil edən, Azərbaycanda ixracın inkişafına diqqət yetirən və Mərkəzi Baltik regionunu birgə təmsil edən şirkətlər bir araya gələrək, B2B görüşlər keçirmişdir.
2025-ci il 25 noyabr 2025-ci il tarixində "LEF Network Azerbaijan" layihəsi çərçivəsində Tallin şəhərində “Central Baltic – Azerbaijan Business Forum”u təşkil edilmişdir. Tədbirdə Azərbaycan biznes icmasının 50 nəfərə yaxın nümayəndələri iştirak etmişdir.
Azərbaycanın Estoniya ilə 2020-2025-ci illər üzrə ticarət dövriyyəsi
(milyon ABŞ dolları)
|
Tarix |
İdxal |
İxrac |
Ticarət dövriyyəsi |
|
2020 |
3.250.2 |
1.593.3 |
4.843.5 |
|
2021 |
4.334.6 |
1.796.7 |
6.131.3 |
|
2022 |
7.158.3 |
2.234.3 |
9.393.2 |
|
2023 |
6.936.8 |
6.347.5 |
13.284.3 |
|
2024 |
6.717.86 |
9.735.39 |
16.454.25 |
|
2025 avqust |
17680.53 |
7 727.59 |
25408.12 |
Mənbə: Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi
Azərbaycandan Estoniyaya ixrac: Qara metallar (əsasən poladdan yarımfabrikatlar), nar şirəsi, spirtli və spirtsiz içkilər, poladdan borular, meyvə və tərəvəzlər, reaktiv kerosin yanacağı, qazoyllar.
Azərbaycana Estoniyadan idxal: Avadanlıq və mexaniki qurğular (əsasən kranlar), elektrik avadanlıqları və hissələri (əsasən mobil telefonlar), iribuynuzlu heyvanlar (düyələr), souslar və ədviyyatlar, torf, kimyəvi toxuculuq materiallarından torlar, süd məhsulları, əczaçılıq məhsulları, optik, tibbi, fotoqrafik və dəqiq cihazlar, balıq və xərçəngkimilər, mebel və hissələri, dəmiryol lokomotivləri, kağız, karton və onlardan məmulatlar, digər kimya sənayesi məhsulları, plastiklər, alüminium və ondan məmulatlar, cemlər, meyvə jelesi və marmeladlar, taxta-şalban (əsasən iynəyarpaqlı ağaclardan), yüngül distilyatlar.
Müqavilə-hüquq bazası
İki ölkə arasında 23 sənəd imzalanmışdır.
Parlamentlərarası əlaqələr
İki ölkə arasında parlamentlərarası əlaqələr müsbət dinamika ilə inkişaf edir. 2021-ci il 07 sentyabr tarixində Vyana şəhərində Parlament Spikerlərinin 5-ci Dünya Konfransı çərçivəsində Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova ilə Estoniya Parlamentinin (Riigikoqu) prezidenti Yüri Ratas arasında görüş keçirilmişdir.
2022-ci il 06-08 fevral tarixlərində Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarovanın Estoniyaya rəsmi səfəri baş tutmuşdur. Səfər zamanı Sahibə Qafarova Estoniyanın Prezidenti Alar Karis, Parlamentin (Riigikoqu) prezidenti Yüri Ratas və xarici işlər naziri Eva-Maria Liimets ilə görüşlər keçirmiş, eləcə də Tallin şəhərindəki Elektron Estoniya Brifinq Mərkəzində olmuşdur.
2022-ci il 22-26 may tarixlərində Estoniya Parlamentinin (Riigikoqu) prezidenti Yüri Ratasın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfər etmişdir. Səfər zamanı Yüri Ratas Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilmiş, Baş nazir Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova, xarici işlər naziri Ceyhun Bayramov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov ilə görüşlər keçirmişdir. Səfər zamanı nümayəndə heyəti Azərbaycanın işğaldan azad olunmuş Füzuli və Şuşa şəhərlərinə səfər etmiş, eləcə də Heydər Əliyev Mərkəzində olmuşdur.
2025-ci il 13-14 mart tarixlərində Estoniya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Riina Solmanın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda rəsmi səfərdə olmuşdur.
2025-ci il 04-05 dekabr tarixlərində Azərbaycan-Estoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Afət Həsənovanın başçılıq etdiyi nümayəndə heyəti Estoniyada rəsmi səfərdə olmuşdur.
Hazırda Azərbaycan-Estoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri millət vəkili Afət Həsənovadır.
Hazırda Estoniya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri deputat Maria Yufereva-Skuratovskidir.
Estoniya Parlamentində Azərbaycan ilə bağlı qəbul edilmiş sənədlər
Estoniya Parlamentinin (Riigikogu) Azərbaycan ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu, 2017-ci ildən etibarən ənənəvi olaraq Xocalı soyqırımının ildönümü ilə bağlı xüsusi bəyanat qəbul edir. 2026-cı il 25 fevral tarixində qrup tərəfindən Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı bəyanat qəbul edilmiş və Parlamentin rəsmi internet səhifəsində dərc olunmuşdur.
2026-cı il 10 mart tarixində Estoniya Parlamentinin (Riigikogu) Azərbaycan ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu tərəfindən martın 5-də Naxçıvan bölgəsinə İranın pilotsuz uçuş aparatı ilə edilən hücumla əlaqədar Azərbaycan xalqı ilə həmrəyliyini ifadə edən bəyanat qəbul edilmiş və Parlamentin rəsmi internet səhifəsində dərc olunmuşdur.