2019-07-01
Səfir Murad Nəcəfbəyli Estoniyanın Saaremaa adasına səfər etmişdir

Səfər çərçivəsində Səfir Murad Nəcəfbəyli Saaremaa vilayəti Şurasının Sədri xanım Tiiu Aro, Estoniya Parlamentinin deputatı, Estoniya Parlamentinin Azərbaycan ilə parlamentlərarası əlaqələr üzrə qrupunun üzvü cənab Kalle Laanet, iş adamı və Saaremaa Ət Məhsulları Zavodunun sahibi cənab Vjatšeslav Leedo və həmin zavodun idarə heyətinin üzvü cənab Kristjan Leedo, Saaremaa adasının Kuressaare şəhərinin Mərkəzi Xəstəxanasının İdarə Heyətinin üzvü cənab Märt Kõlli, Saaremaanın "Saarte Hääl" tele-radio və qazet KİV-nin icraçı direktoru xanım Kaie Rõõm-Laanet və baş redaktoru cənab Gunnar Siiner, habelə Estoniyanın Şahmat Federasiyası Şurasının Prezidenti, Estoniyanın “Panaviatic” biznes aviasiya şirkətinin və “K.K Diamond Group” investisiya şirkətinin sahibi cənab Ken Koort ilə görüşmüşdür.

Tərəflər Azərbaycan və Estoniya arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti, həyata keçirilən birgə layihələr, baş tutmuş qarşılıqlı səfərlər barədə danışmışlar. Həmsöhbətlər, Azərbaycan ilə Estoniya arasında əlaqələrin genişləndirilməsi üçün yüksək potensialın olduğunu vurğulayaraq, iqtisadiyyat, ticarət, turizm və s. sahələrində əməkdaşlıq perspektivlərini müzakirə etmişlər.

Səfir M.Nəcəfbəyli ölkəmiz, onun daxili və xarici siyasəti barədə həmsöhbətlərə məlumat verərək, Azərbaycanda qeyri-neft sektorunun, sənayenin, nəqliyyat infrastrukturunun, turizmin inkişafı, habelə əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində görülmüş işlər barədə məlumat vermişdir.

Estoniya tərəfi Saaremaa adası, onun ölkənin inzibati-ərazi bölgüsündə yeri, adada fəaliyyət göstərən iri istehsalat müəssisələri, səhiyyə təşkilatları, Saaremaanın  investisiya imkanları, iqtisadi və turizm potensialı barədə məlumat vermişdir.

Sonda tərəflər, hər iki ölkənin biznes nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin mümkünlüyü ətrafında fikir mübadiləsi aparmışlar.

 

 

 

 

növbəti xəbər əvvəlki xəbər