2018-02-09
Səfir Murad Nəcəfbəyli Tallin şəhərinin vitse-meri xanım Züleyxa İsmayılova ilə görüşüb

9 fevral tarixində Səfir Murad Nəcəfbəyli Tallin şəhərinin vitse-meri, “Estoniya Yaşılları” partiyasının sədri xanım Züleyxa İsmayılova ilə görüşmüşdür.

Görüş zamanı, Səfir M.Nəcəfbəyli Azərbaycan və Estoniya arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və bu əlaqələrin müsbət dinamikası barədə söz açaraq, həyata keçirilən birgə layihələr, baş tutmuş qarşılıqlı səfərlər və tədbirlər barədə məlumat vermişdir.

Səfir dövlət və hökumətlər arasında mövcud əlaqələrin hər iki ölkənin şəhərləri arasında da əməkdaşlıq üçün şərait yaradığını qeyd etmişdir. Bununla əlaqədar Səfir M.Nəcəfbəyli həmsöhbətinə ölkəmizdə şəhərsalma sahəsində əldə edilmiş uğurlar, aparılan yenidənqurma, tikinti və abadlıq işləri, kommunal xidmətlər sahəsində görülən işlər barədə məlumat vermişdir.

Bununla yanaşı, Səfir Heydər Əliyev Fondunun vitse-prezidenti xanım Leyla Əliyevanın rəhbərliyi ilə fəaliyyət göstərən Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq (IDEA) İctimai Birliyi və birliyin həyata keçirdiyi layihələr barədə məlumat vermişdir. Səfir bu sahədə qarşılıqlı əlaqələrin inkişaf etdirilməsinin faydalı ola biləcəyini də qeyd etmişdir.  

Xanım Z.İsmayilova, öz növbəsində, iki ölkə arasında artıq təşəkkül tapmış əməkdaşlıq münasibətlərinə töhfə vermək arzusunda olduğunu qeyd etmişdir. Daha sonra həmsöhbətlər Bakı və Tallin şəhərləri arasında mümkün əməkdaşlıq perspektivləri ətrafında geniş fikir mübadiləsi aparmışdırlar.

növbəti xəbər əvvəlki xəbər