2017-05-04
Səfir Murad Nəcəfbəyli Estoniyanın kənd işləri naziri Tarmo Tamm ilə görüşüb

Bu gün Səfir Murad Nəcəfbəyli Estoniya Respublikasının kənd işləri naziri cənab Tarmo Tamm ilə görüşüb.

T.Tamm, cari ilin 6-7 aprel tarixlərində Bakıda keçirilmiş Ticarət-İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclasının yüksək səviyyədə təşkili və Hökumətlərarası Komissiyanın həmsədri cənab Mixail Korbun Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən qəbulu Azərbaycan tərəfinin Estoniyaya münasibətinin bir nümunəsi olduğunu bildirib.

Dost ölkə olan Azərbaycanla siyasi əlaqələrin yüksək səviyyəsindən məmnunluq bildirən cənab T.Tamm iki ölkə arasında iqtisadi əlaqələrin də həmin səviyyədə olmasını arzu etdiyini qeyd etmişdir.

Bu xüsusda, cənab T.Tamm yüksək potensiala malik olan kənd təsərrüfatı sahəsində Estoniyanın Azərbaycan ilə əməkdaşlığının genişləndirilməsində maraqlı olduğunu qeyd etmişdir. O, bildirmişdir ki, süd istehsalında Avropada ikinci yeri tutan Estoniya, bu sahədə öz təcrübə, texnologiya və istehsalın prosesi ilə Azərbaycan tərəfi ilə bölüşməyə hazırdır. Bundan başqa cənab T.Tamm bildirmişdir ki, Estoniya kənd təsərrüfatı ərzaqlarının sertifikasiyası ilə də məşğuldur və bu sahədə də Azərbaycan ərzaqlarının Avropa bazarlara daha sərbəst çıxmağa köməklik göstərməyə hazırdır.

Cənab nazir ikitərəfli əlaqələrin genişləndirilməsi üçün qarşılıqlı səfərlərin də həyata keçirilməsinin vacib olduğunu qeyd etmişdir.  

Səfir M.Nəcəfbəyli öz növbəsində ölkəmizin Estoniya ilə kənd təsərrüfatı sahəsində əməkdaşlığa maraqlı olduğunu qeyd edərək, Azərbaycan ərzaqlarının Estoniyaya ixracı üçün böyük imkanların olduğunu bildirmişdir. Eyni zamanda, ölkəmizin Estoniya ərzaqlarının ixracı məsələsinə baxılmasına açıq olduğunu qeyd etmişdir.

Görüşün sonunda həmsöhbətlər kənd təsərrüfatı sahəsində Estoniya və Azərbaycan arasında mövcud hüquqi bazanın vəziyyətini müzakirə etmişlər.

Görüşdə həmçinin, Estoniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri cənab Denis Borodiç, Kənd İşləri Nazirliyinin baş katibinin müavini cənab Olavi Petron, nazirliyini Beynəlxalq əlaqələr departamentinin rəisi xanım Janika Salev və həmin departamentin əməkdaşı cənab Leo Tınitalo da iştirak etmişdirlər.

 

 

növbəti xəbər əvvəlki xəbər