2017-04-06
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Estoniyanın dövlət idarəçiliyi naziri Mixail Korb ilə görüşüb

Aprelin 6-da Iqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Estoniyanın Azərbaycanda səfərdə olan dövlət idarəçiliyi naziri, Azərbaycan-Estoniya Hökumətlərarası Komissiyasının sədri Mixail Korbun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüş zamanı İİTKM-nin icraçı direktoru Vüsal Qasımlı Azərbaycanda son illərdə aparılan iqtisadi islahatların effektivliyi barədə geniş məlumat təqdim edib. Vüsal Qasımlı həmçinin Prezidentin tapşırıqları əsasında yaradılan Azexport portalı, eləcə də Azərbaycan Rəqəmsal Ticarət Qovşağı barədə ətraflı məlumat verib.

Estoniyanın dövlət idarəçilik naziri, Azərbaycan-Estoniya Hökumətlərarası Komissiyasının sədri Mixail Korb Azərbaycana səfərinin məqsədindən danışaraq bildirib ki, ölkələr arasında sıx əməkdaşlıq baxımından ticarət-iqtisadi münasibətlərə xüsusi önəm verilir. “Rəqəmsal Ticarət Qovşağının yaradılması Azərbaycana yeni imkanlar yaradacaq. Həmçinin Estoniya ilə ticarət dövriyyəsini artırmaq, idxal-ixrac prosesini sürətləndirmək mümkün olacaq. Biz Azərbaycanla mövcud əməkdaşlıq imkanlarından məmnunuq. Düşünürük ki, bu imkanları daha da genişləndirmək mümkün olacaq.”

Görüşdə həmçinin Azərbaycanın Estoniyadakı səfiri Murad Nəcəfbəyli, Estoniyanın Azərbaycandakı müvəqqəti işlər vəkili İndrek Kiverik, Regional məsələlər üzrə Baş katibinin müavini Kaya Sarnet, Estoniyanın millət vəkili Deniss Borodiç, Azərbaycan-Estoniya Ticarət Palarasının sədri Yana Krimpe də iştirak edib.

Tərəflər əməkdaşlığı genişləndirmək üçün danışıqları davam etdirmək barədə razılığa gəliblər.

növbəti xəbər əvvəlki xəbər