2016-11-20
Azərbaycan Respublikasının Estoniyadakı Səfirliyi Tallində xeyriyyə tədbirində iştirak etmişdir

Noyabr ayının 20-də Tallindəki “Radisson BLU Sky” mehmanxanasında Tallin Beynəlxalq Qadınlar Klubunun təşkilatçılığı ilə ənənəvi milad xeyriyyə bazarı keçirilmişdir.

1993-cü ildə 4 əcnəbi qadın tərəfindən təsis edilmiş Tallin Beynəlxalq Qadınlar Klubunun əsas məqsədi Estoniyada ehtiyacı olan qadınlara və uşaqlara köməklik göstərilməsindən ibarətdir. Klub hazırda öz sıralarında 22 ölkədən 75 qadını birləşdirir.

Klub tərəfindən hər il keçirilən bu xeyriyyə tədbiri yerli əhali arasında çox populyardır. 

Bu milad bazarında Estoniyada akkreditə olunmuş xarici ölkələrin Səfirlikləri də iştirak edir. Bazarda Səfirliklərin əməkdaşları və onların ailə üzvləri milli hədiyyələr, incəsənət əsərləri, oyuncaqlar, müxtəlif yeməklər təklif edirlər.

Bu ilki tədbirdə Azərbaycan Respublikasının Estoniyadakı Səfirliyi də daxil olmaqla 26 müxtəlif ölkələrin Səfirlikləri iştirak etmişdirlər.

Milad bazarı Estoniya ictimaiyyətini Azərbaycan mətbəxi və məhsulları ilə tanış etmək üçün də əlverişli imkan olmuşdur. Bu baxımdan Səfirlik milad bazarında milli mətbəximizin təamlarını, çay, nar şirəsi, mürəbbələr, habelə müxtəlif milli suvenirlər, əl işləri, dekorativ-tətbiqi sənəd nümunələri təqdim etmişdir. 

Azərbaycan məhsulları milad bazarına baş çəkən çoxsaylı mətbuat və biznes dairələrinin nümayəndələrinin, Estoniyanın parlament və hökumət üzvlərinin böyük marağına səbəb olmuşdur.

Tədbirə, habelə Azərbaycan diasporunun nümayəndələri, Estoniyada təhsil alan Azərbaycanlı tələbələr də qatılmışdırlar.

Milad bazarından əldə edilən bütün vəsaitlərlər Tallin Beynəlxalq Qadınlar Klubu tərəfindən ehtiyacı olan uşaqlar üçün xeyriyyə fondunun hesabına köçürülmüşdü.   


növbəti xəbər əvvəlki xəbər