2016-11-12
12 noyabr – Azərbaycan Respublikasının Konstitusiya Günüdür

Azərbaycan Respublikasının 1995-ci ildə qəbul edilmiş Konstitusiyası Azərbaycan dövlətinin sayca dördüncü Konstitusiyası olub onun yeni tarixi modifikasiyasını əks etdirir. Azərbaycan Respublikasında Konstitusiya quruculuğunun tarixi, əsasən, onun SSRİ-nin tərkibində olduğu dövrə təsadüf edir.

Azərbaycanın ilk Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər qurultayında qəbul edilmişdir. 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər qurultayında Azərbaycan Respublikası Konstitusiyasının yeni, SSRİ-nin 1924-cü il Konstitusiyasına müvafiq redaksiyası qəbul olundu. 1978-ci il aprelin 21-də Azərbaycan SSR-in yeni, ölkə tarixində yeni mərhələnin reallıqlarını əks etdirən Konstitusiyası qəbul edildi. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra yeni Konstitusiya hazırlanması zərurəti yaranmışdır. Bu məqsədlə, ümummilli lider Prezident Heydər Əliyevin rəhbərliyi ilə xüsusi komissiya yaradılmışdı. 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda xalqın iradəsinə uyğun olaraq bu yeni Konstitusiya qəbul edildi.

1995-ci il Konstitusiyası Azərbaycan Respublikasında dövlət quruculuğunun əsasını qoymuşdur. Azərbaycan Respublikası Konstitusiyasının mətni 5 bölmədən, 12 fəsildən və 158 maddədən ibarətdir.

Noyabrın 12-si ölkəmizdə Azərbaycan Respublikasının Konstitusiya günü kimi qeyd edilir.

növbəti xəbər əvvəlki xəbər