2016-10-22
Estoniyalı həkim Lee Tammeməe: Azərbaycan səhiyyə işçiləri ilə əlaqələrimizin genişləndirilməsində maraqlıyıq

 

 

 

  

 

Azərbaycana səfər Estoniya həkimləri üçün çox maraqlı idi. Bu sözləri Şərgi Tallinn Mərkəzi klinikasının ginekologiya şöbəsinin müdiri Lee Tammeməe AZƏRTAC-ın müxbirinə müsahibəsində deyib.

Səfərin əsas məqsədi yerli səhiyyə sistemi ilə tanış olmaq və həmçinin Estoniya səhiyyə xidmətlərinin Azərbaycanda tətbiq etmək üçün yolları araşdırmaq idi.

Lee Tammeməe qeyd edir ki, Estoniyalı həkimlər Bakıda həm özəl, həm də dövlət klinikalarla tanış oldular. Onun sözlərinə görə, tibb müəssisələrinin əksəriyyəti təmirli və yüksək texnologiya ilə təchiz olunmuşdur.

“Reproduktiv Sağlamlıq mərkəzi professional cəhətdən məni yaxşı mənada çox təəccübləndirdi. Burada çalışan üç həkimin fəaliyyəti ilə tanış oldum, onların xəstələri ilə münasibəti və sonrakı taleyi ilə belə maraqlanmasını çox bəyəndim”, - L.Tammeməe deyib.

Estoniya heyətinə məlumat verilmişdi ki, Azərbaycanın Türkiyə həmkarları ilə əlaqələri çox genişdir və Türkiyə səhiyyə sistemi dünyada güclü səhiyyə sistemlərindən biridir. L.Tammeməe qeyd etdi ki, belə geniş əlaqələrin olması Azərbaycan səhiyyəsi üçün müsbət haldır.

“Çox ümid edirəm ki, Azərbaycan səhiyyə işçiləri ilə əlaqələrimiz bundan sonra daha geniş olacaq. Bu yaxınlarda biz artıq Azərbaycandan nümayəndə heyətini Tallinndə gözləyirik”, - şöbə müdiri qeyd etdi.

növbəti xəbər əvvəlki xəbər