2016-05-31
28 May – Respublika Günü münasibətilə Tallin şəhərində rəsmi qəbul keçirilib

Azərbaycan Respublikasının

Estoniya Repsublikasındakı Səfirliyi

Press-reliz

 

Tallinn, 30 may, 2016

Azərbaycan Respublikasının Estoniya Respublikasındakı Səfirliyi 28 may -Respublika Günü münasibətilə Tallin şəhərindəki “Radisson Blu Sky” otelində rəsmi qəbul təşkil edib.

Azərbaycanın və Estoniyanın dövlət himnləri səsləndirildikdən sonra, Səfir Murad Nəcəfbəyli çıxış edərək 28 May – Respublika Gününün əhəmiyyəti, Azərbaycan Demokratik Respublikasının tarixi haqqında danışıb. İlk demokratik Azərbaycan Respublikasının cəmi 23 ay ərzində mövcud olmasına baxmayaraq, dünya dövlətçiliyi və demokratiya tarixinə töhfə vermişdir. Azərbaycanın dövlət quruculuğunda əldə etdiyi böyük nailiyyətlər barədə tədbir iştirakçılarına məlumat verən Səfir bildirib ki, Şərqdə ilk demokratik respublika olan - Azərbaycan Demokratik Respublikası parlament və çoxpartiyalı hökumətin, eləcə də dövlətçilik atributlarının yaradılmasına nail olmuş, Şərqdə ilk dəfə olaraq Azərbaycanda qadınlara seçki hüququ verilmişdir. Sovet ordusu tərəfindən 1920-ci ildə Azərbaycanın işğalından öncə, respublikanın müstəqilliyi 26 dövlət tərəfindən tanınaraq, 19 dövlət ilə diplomatik əlaqələr qurulmuşdur.

1991-ci ildə dövlət müstəqilliyini yenidən bərpa etmiş Azərbaycan Respublikası bu 25 il ərzində bir sıra mühüm çətinliklərlə üzləşdiyindən bəhs edən Səfir  Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin işğal olunduğunu, etnik təmizlənmə nəticəsində bir milyondan çox Azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Səfir vurğulamışdır ki, Azərbaycanın Ermənistan tərəfindən işğala məruz qaldığına baxmayaraq, bu illər ərzində ölkəmiz siyasi, iqtisadi, sosial və diplomatik sahələrdə böyük nailiyyətlər əldə etmiş və bütün bunlar Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır.

Səfir bildirdiyi kimi, hazırda prezident İlham Əliyev tərəfindən uğurla aparılan siyasi-iqtisadi islahatlar ölkəmizin davamlı inkişafını təmin edir. Həyata keçirilən tədbirlər Ümummilli Lider Heydər Əliyevin uzaqgörən müdrik siyasətinin məntiqli davamıdır. Çıxışın sonunda Səfir müstəqil siyasət aparan Azərbaycanın son 25 il ərzində beynəlxalq aləmdə özünü etibarlı tərəfdaş kimi göstərdiyi və regional inkişafa, təhlükəsizliyə, sabitliyə, eləcə də  multikulturalizmə töhfə verdiyini qeyd edib.    

Rəsmi çıxışdan sonra tədbir ziyafətlə davam edib.

Tədbirdə Azərbaycanın iqtisadiyyatını, turizm imkanlarını və mədəniyyətini əks etdirən müxtəlif videoçarxlar nümayiş olunub, Azərbaycan müsiqisi səsləndirilib.

 

 

növbəti xəbər əvvəlki xəbər