2016-01-29
Azərbaycan Respublikasının Estoniya Respublikasında yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Murad Nəcəfbəyli Estoniya Respublikasının prezidenti Toomas Hendrik İlvesə 28 yanvar 2016-cı il tarixində etimadnamələri təqdim etmişdir.

Azərbaycan Respublikasının

Estoniya Respublikasındakı Səfirliyinin

MƏTBUAT RELİZİ

 

Tallin, 29 yanvar 2016-cı il

 

 

Azərbaycan Respublikasının Estoniya Respublikasında yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Murad Nəcəfbəyli Estoniya Respublikasının prezidenti Toomas Hendrik  İlvesə 28 yanvar 2016-cı il tarixində etimadnamələri təqdim etmişdir.

Təqdimetmə mərasimi Kadriorq prezident sarayında keçirilmişdir.

Rəsmi hissədən sonra baş tutmuş görüşdə səfir Azərbaycan prezidenti İlham Əliyevin səmimi salamlarını və ən xoş arzularını Estoniyanın dövlət başçısına çatdırmışdır.

Səfir Azərbaycan ilə Estoniya arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu qeyd etmişdir və gələcəkdə səylərini bu əməkdaşlığın inkişafına və möhkəmləndirilməsinə yönəldəcəyini bildirmişdir.

Görüş zamanı Azərbaycan-Estoniya əlaqələrinin ikitərəfli, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli səviyyələrdə, eləcə də hazırki vəziyyəti və inkişafı perspektivləri ətrafında fikir mübadiləsi aparılmışdır.

Azərbaycan səfiri Estoniya prezidentini Azərbaycandakı ictimai-siyasi və sosial-iqtisadi vəziyyət ilə bağlı həqiqətlər və ölkə prezidenti İlham Əliyevin başçılığı altında Azərbaycanın nailiyyətləri barədə məlumatlandırmışdır. Səfir M. Nəcəfbəyli cənab Toomas Hendrik İlvesə Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsi barədə ətraflı  məlumat vermiş, Ermənistanın Azərbaycana qarşı  təcavüzünün davam etməsini, Ermənistan tərəfindən Azərbaycan ərazisinin 20% işğal edilməsini və Ermənistanın münaqişənin sülh yolu ilə həlli üzrə danışıqların imitasiya etdiyi barədə məlumat vermişdir. 

Estoniya prezidenti öz növbəsində Azərbaycan ilə əməkdaşlıq səviyyəsindən məmnunluğunu qeyd edərək, Azərbaycanın Estoniya üçün birmənalı dost ölkə olduğunu vurğulamış və Estoniya ilə Azərbaycan arasında dinamik tərəfdaşlığın gələcəkdə də bütün sahələrdə inkişafının davam edəcəyinə əminliyini bildirmişdir.

Estoniyanın dövlət başçısı səfirə uğurlar diləmiş, Azərbaycan prezidenti İlham Əliyevin salamlarına görə minnətdarlığını bildirmiş və Azərbaycanın dövlət başçısına öz salamlarını və ən xoş arzularını çatdırmağı xahiş etmişdir.

Səfir Azərbaycanın dost Estoniya ilə gələcəkdə də bütün sahələrdə əlaqələrin inkişafı və möhkəmləndirilməsində maraqlı olduğunu qeyd etmişdir.

Səfir M. Nəcəfbəyli, etimadnamələrin surətini həmçinin Estoniyanın Xarici işlər nazirliyinin rəhbərliyinə cari ilin 26 yanvar tarixində təqdim etmişdir.

növbəti xəbər əvvəlki xəbər