Konsulluq uçotu

Hörmətli vətəndaşlarımız,

Diqqətinizə çatdırmaq istərdik ki, xarici ölkələrdə daimi və ya müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarının Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqları tərəfindən uçota alınması prosedurları Azərbaycan Respublikası Xarici İşlər Nazirinin 12.09.2012-ci il tarixli, Q/07-12 nömrəli Qərarı ilə “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə uçotu Qaydaları” ilə müəyyən edilmişdir. Həmin Qaydalara əsasən xarici ölkələrdə qanuni əsaslarla daimi və müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarının konsulluq uçotuna alınması Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və ya konsulluqları tərəfindən təmin edilməlidir.

Azərbaycan Respublikasının Estoniya Respublikasındakı Səfirliyinin konsulluq dairəsində daimi və ya müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarını konsulluq uçotuna alır. Estoniya Respublikasında daimi və ya müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarının konsulluq uçotuna alınması onların hüquqlarının, qanuni maraqlarının və təhlükəsizliklərinin qorunması məqsədilə aparılır.

Azərbaycan Respublikası vətəndaşlarının konsulluq uçotuna alınması ödənişsiz yerinə yetirilir.


Estoniya Respublikasında daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının uçotu

Estoniya Respublikasında daimi əsaslarla, başqa sözlə Estoniya Respublikasının müvafiq səlahiyyətli orqanları tərəfindən verilmiş daimi yaşamaq icazəsinə və ya Estoniya Respublikasında daimi yaşamaq statusuna sahib olmasını təsdiq edən digər sənədə (ID card) malik olan Azərbaycan Respublikası vətəndaşı yaşadıqları əraziyə akkreditə edilmiş Azərbaycan Respublikasının Estoniya Respublikasındakı Səfirliyində uçota alınırlar.

Konsulluq uçotuna alınmış Azərbaycan Respublikası vətəndaşlarının 16 yaşadək uşaqları valideynlərindən birinin uçot kartoçkasında qeyd olunur.

Estoniya Respublikasında daimi yaşayan Azərbaycan Respublikası vətəndaşı konsulluq uçotuna alınması məqsədilə aşağıdakı sənədləri pasportla birlikdə Azərbaycan Respublikasının Estoniya Respublikasındakı Səfirliyə təqdim etməlidirlər:

  1. Doldurulmuş Xarici ölkədə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşının uçot kartoçkası;
  2. Pasport üçün rəngli fotoşəkil – 1 ədəd;
  3. Vətəndaşın şəxsiyyətini təsdiq edən Azərbaycan Respublikası vətəndaşının ümumvətəndaş pasportu;
  4. Azərbaycan Respublikası vətəndaşının Estoniya Respublikasında daimi yaşamaq icazəsinə malik olmasını təsdiq edən sənədin surəti.

Diqqət! Konsulluq uçotuna alınmış Azərbaycan Respublikası vətəndaşı ilə birlikdə Estoniya Respublikasında daimi yaşayan 16 yaşına çatmamış uşaq olduqda, həmin uşağın doğum haqqında şəhadətnaməsinin və valideynlərinin nigah haqqında şəhadətnaməsinin (olduğu halda) surətləri Səfirliyə təqdim edilməlidir.

Məlumat üçün diqqətinizə çatdıraq ki,Estoniya Respublikasındakı Azərbaycan Respublikası Səfirliyi tərəfindən Estoniya Respublikasında daimi yaşayan Azərbaycan Respublikası vətəndaşı konsulluq uçotuna alınan zaman, onun pasportunda “Azərbaycan Respublikasının Estoniya Respublikasındakı Səfirliyində uçota alınmışdır. Tarix:_____ İmza:_____” sözləri əks olunmuş ştamp vurulur, Azərbaycan Respublikasının Estoniya Respublikasındakı Səfirliyinin konsulluq məsələləri üzrə vəzifəli şəxsi tərəfindən imzalanaraq, gerbli möhürlə təsdiq edilir.

Estoniya Respublikasında müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarının uçotu

Üç aydan çox müddətə Estoniya Respublikasına işləməyə ezam olunmuş, təhsili ilə bağlı və ya şəxsi qaydada (qonaq, müalicə və digər məqsədlə) səfər etmiş Azərbaycan Respublikası vətəndaşları işlədikləri, təhsil aldıqları, müalicə olunduqları və ya yaşadıqları əraziyə akkreditə edilmiş Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində uçota alınırlar.

Estoniya Respublikasında müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşı konsulluq uçotuna alınması məqsədilə aşağıdakı sənədləri Azərbaycan Respublikasının Estoniya Respublikasındakı Səfirliyinə təqdim etməlidirlər:

  1. Doldurulmuş  Xarici ölkədə müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşının uçot kartoçkası;
  2. Vətəndaşın şəxsiyyətini təsdiq edən Azərbaycan Respublikası vətəndaşının ümumvətəndaş pasportunun kserosurəti;
  3. Azərbaycan Respublikası vətəndaşının Estoniya Respublikasında daimi yaşamaq icazəsinə malik olmasını təsdiq edən sənədin kserosurəti.

Diqqət! Nəzərinizə çatdırmaq istərdik ki, xarici ölkələrdə müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarının konsulluq uçotu ilə bağlı onların pasportlarında heç bir qeyd aparılmır. Vətəndaş arzu etdiyi təqdirdə onun müvəqqəti yaşayış uçotunda olması barədə konsulluq tərəfindən sərbəst formada yazılmış arayış verilir.

Konsulluq uçotuna alınmış Azərbaycan Respublikası vətəndaşı ilə birlikdə Estoniya Respublikasında müvəqqəti yaşayan 16 yaşına çatmamış uşaq olduqda, həmin uşağın doğum haqqında şəhadətnaməsinin və valideynlərinin nikah haqqında şəhadətnaməsinin (olduğu halda) kserosurətləri Səfirliyə təqdim edilməlidir.